“Saflığımdan istifadə etdilər, ailəm dağıldı” - Suriyada cihada gedən azərbaycanlı

11:43 3 Mart 2023

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla ittiham olunaraq həbs edilmiş Bəxtiyar Şıxıyevin məhkəməsi başlayıb.

Sitat.info xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baxılır.

1989-cu il təvəllüdlü B.Şıxıyev Suriyada dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etməkdə, “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakda təqsirli bilinir.

DTX onun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədilə sabit qruplar yaratma, silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə cinayət işi başladıb.

B.Şıxıyev məhkəmədə sərbəst ifadə verən zaman bildirib ki, o, 2013-cü ildə Elxan adlı tanışı vasitəsilə Suriyaya gedib: “Elxan tez-tez mənimlə əlaqə yaradıb deyirdi ki, Suriyaya gəl, burada hər şey yaxşıdır. Bildirirdi ki, müsəlmanlara əziyyət verirlər, onları xilas etməliyik. Əvvəl İstanbula, sonra Qaziantepə, oradan Suriyaya getdik. Məni bir türk vətəndaşı Suriya sərhədinə apardı. Hətta orada türk əsgəri də var idi. Həmin Türkiyə vətəndaşı məni qarşı tərəfdə bir ərəbə təhvil verdi. O da məni yaşayacağımız yerə apardı.

Mənimlə birlikdə arvadım, qayınanam və qaynım da ora getmişdi. Demişdilər ki, bizə təlim keçəcəklər, daha sonra döyüşlərə qatılacağıq. Amma mən dekabrda ora getdiyim üçün hava şəraiti təlim keçməyə imkan vermədi. Marta qədər heç nə etmədən eləcə yaşadıq. Qadınlar bütün gün evdə olurdu. Kişilər isə ərazidə vaxt keçirirdi”.

İttihamda göstərilir ki, Bəxtiyar Şıxıyev İŞİD silahlı terror qruplaşmasının tərkibində döyüşlərə qatılıb. Dini radikalizm zəminində “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirak edib. Lakin müttəhim özü məhkəmə zalında İŞİD-lə bağlı ittihamları qəbul etməyib: “Mən İŞİD-ə qoşulmamışam, əksinə İŞİD-ə qarşı döyüşən “Cundul Şam”ın tərkibində olmuşam. Amma heç vaxt döyüşməmişəm. İŞİD bizim qarşı cəbhədə qərarlaşmışdı. Hətta orada çoxlu azərbaycanlılar da var idi”.

Prokuror Şıxıyevə sual verib ki, “əgər sən müsəlmanlıq üçün, insanlıq üçün savaşmağa getmişdinsə, niyə Vətən Müharibəsi vaxtı gəlib Azərbaycan üçün döyüşmədin?” Müttəhim suala cavab verməkdə çətinlik çəkib. O, Aprel döyüşlərinin böyükmiqyaslı olmadığını, II Qarabağ Müharibəsi vaxtı isə həbsdə olduğunu deyib. 

İfadə zamanı məlum olub ki, Bəxtiyargil Suriyaya yerləşdikdən sonra ailəsi demək olar ki, dağılıb. Belə ki, qaynı orada vəfat edib, qayınanası Suriyada ailə qurub, arvadı isə həbs edilib: “Qaynım astma xəstəsi idi, ona görə öldü. Qayınanam isə Suriyada evləndi, hələ də oradadır. Mən bir müddət sonra başa düşdüm ki, mənim saflığımdan istifadə edib aldadıblar. Heç də hər şey Elxanın dediyi kimi deyil. Orada hamı özünə müsəlman deyir, amma bir-birini öldürür.

Bir dəfə gəlib məni döyüşə aparmaq istədilər. Lakin mən bildirdim ki, hələ təlim keçməmişəm, döyüşə bilmərəm. Bundan sonra məni oradan qovdular. Arvadımı götürüb Türkiyəyə qayıtdım. Orada övladımız dünyaya gəldi. Amma Türkiyədə tutuldum. 2 il 7 ay həbs yatdım. Sonra arvadım məni tərk etdi, uşaqla birlikdə Azərbaycana qayıtdı. Sonra eşitdim ki, arvadım quldurluğa görə Azərbaycanda tutulub. Özüm ümumilikdə 9 il Türkiyədə yaşadım. Əvvəllər Azərbaycana qayıtmaq istəmirdim, qorxurdum. Bilirdim ki, tutulacağam”.

Şıxıyev Türkiyədə olarkən valideynləri ara-sıra övladını ora aparırmış ki, Bəxtiyarla görüşsün. Lakin valideynlərinin artıq qocaldığını və xaricdə yaşamaqdan bezdiyini deyən Şıxıyev Azərbaycana qayıtdıqdan bir neçə gün sonra DTX-yə çağırılıb. Daha sonra isə həbs edilib. Məhkəmə istintaqı davam edir.

//Qafqazinfo



Xəbər xətti