Federal Ehtiyatlar Sisteminin (FES) son açıqlamasından sonra dollar qlobal valyuta bazarlarda yenidən möhkəmlənib. Belə ki, FES uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir. Hətta dərəcənin 2023-cü ildə 6.0 faizədək yüksəldilməsi də istisna edilmir. Qeyd edək ki, bu ayın 21-22-də FES yenidən bir araya gələcək. FES-in yüksək dərəcə artımlarına getmək istəyi bu ilin ilk aylarında ABŞ-da iqtisadi göstəricilərin proqnozlaşdırılandan daha yaxşı olması ilə bağlıdır.
Sitat.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, avro da ABŞ puluna nisbətən dəyər itirməkdədir:
“Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır”.
Millət vəkili FES-in qərarlarının manatın məzənnəsinə hansı təsirlərin ola biləcəyi məsələsinə də toxunub:
“Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağıydısa, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dollar hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub.
Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir”.
V.Bayramov Azərbaycanda hələ üzən məzənnə rejiminə keçirilmədiyini bildirib:
“Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.