“Tələb 800 minə qalxanda mübahisəyə başladılar”

13:29 10 Mart 2023

"Azimport" şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov və iş adamı Kamal Akimov arasında 500 min dollarlıq məhkəmə çəkişməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işin mahiyyəti odur ki, Azər Əsgərov hədə yolu ilə iş adamı Kamal Akimovun ondan 500 min dollar aldığını iddia edir. Qarşı tərəf isə özünü təqsirli bilmir, əksinə şirkət rəhbərinin onu şərlədiyini, 2012-ci ildə "Azimport" şirkətinin ona məxsus olan Səbail rayonundakı qeyri-yaşayış sahəsini sökdüyünü deyir.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Əsgərov Akimova əmlakın əvəzi olaraq 800 min dollar ödəmək öhdəliyi götürüb. Bu pulun 500 minini iki il ərzində hissə-hissə ödəyib. Qalanını ödəməkdən imtina edib. Lakin sonradan o, həmin pulu Akimova hədə altında verdiyini deyərək geri istəyib.

Ötən gün keçirilən prosesdə iş üzrə əsas şahidlərdən sayılan Nurəddin Səlimov ifadə verib. O, Əsgərovla Akimovu məhz öz ofisində danışıq aparmaq üçün görüşdürdüyünü bildirib: “Əvvəlcə onları vəkil Kamandar Nəsibovun ofisinə apardım. Orada görüşdülər. Əvvəlcə 500 min, sonra 700 min, daha sonra 800 min manat ödəniləcəyinə dair razılaşma əldə olundu. Mübahisəli obyekt olan yerdə “Azimport” şirkəti tikinti aparmışdı. Mən hər hansı tələbetmə ilə bağlı halla rastlaşmamışam. Sonra bir dəfə də mənim ofisimdə görüşdülər. Pulun ödənilməsi tələbi 800 min manata qalxandan sonra tərəflər arasında fikir ayrılığı yarandı, mübahisə etdilər”.

Bununla da məhkəmədə dindirilmələr başa çatıb. Akimovun vəkili Ceyhun Yusifov əvvəlki proseslərdən baxılmamış saxlanılan vəsatətlərə baxılmasını istəyib. Bundan başqa əlavə olaraq tikinti olan yerə baxış keçirilməsi ilə bağlı vəsatət verib. Məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham olunur. Azər Əsgərov iddia edir ki, onun özünə, ailəsinə müxtəlif formada zərər yetirməklə hədələyib 500 min dollarını alıblar. Onun iddiasına görə, öncə 2 milyon dollar tələb edilib, son nəticədə 800 min dollarla razılaşıblar.

Akimov isə şirkət rəhbərinin onu şərlədiyini bildirir. Deyir ki, 10 il öncə Azər Əsgərova məxsus “Azimport” şirkəti Akimovun Səbail rayonu, Ziya Yusifzadə küçəsindəki 146 kvadratmetrlik obyektini sökərək istifadəsinə götürüb.

Xatırladaq ki, Akimov və Əsgərovun adı mediada ilk dəfə deyil ki, hallanır. Belə ki, uzun illər mətbuatda Kamal Akimoviç Akimovun Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Kamal Akimovdur.

Eləcə də, “Azimport” da Azərbaycanda tanınmış tikinti şirkətlərindən biridir. Əvvəllər şirkətin iki şəriki olub. Azər Əsgərovla yanaşı, qaynı, eləcə də Dövlət Bayraq Meydanı İdarəsinin direktoru Rəşad Məmmədov “Azimport”un rəhbəri olub. Lakin R.Məmmədov bir müddət sonra yeyinti ittihamı ilə həbs edilib.



Xəbər xətti