Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtma hüququ ilə bağlı qeyri-konstruktiv və insan hüquqlarına zidd yanaşma sərgiləyib.
"Report" xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin bəyanatında əksini tapıb.
Bəyanatda, həmçinin bildirilir: “Xüsusilə təəssüf doğuran haldır ki, baş nazir Ermənistandan azərbaycanlıların qovulması faktını inkar etməyə cəhd göstərib. Baş nazir çox yaxşı bilir ki, Ermənistan hökuməti 1988-ci ildə yüz minlərlə azərbaycanlını məhz etnik ayrı-seçkilik əsasında, fiziki şiddət tətbiq edərək, ərzaqdan, təhsildən, tibbi və sosial xidmətlərdən məhrum edərək qovub. Bu insanların əksər hissəsinin çox qısa bir müddət ərzində (24 noyabr – 5 dekabr 1988-ci il) qovulmuş olması onlara qarşı cinayətin nə dərəcədə sistemli və mütəşəkkil aparıldığını göstərir.
Ermənistandan azərbaycanlıların qovulması insanlıq əleyhinə cinayətdir. Baş nazirin diqqətinə çatdırmaq istərdik ki, insanlıq əleyhinə cinayəti inkar etmək həmin cinayətin davamıdır.
Bundan başqa, baş nazirin bizim geri qayıtmaq hüququmuzu dərhal ərazi müstəvisində görməsi çox mətləbdən xəbər verir. Ermənistanın hökumət başçısının təbirincə, müəyyən etnik qrupun kompakt yaşaması ancaq və ancaq ərazi iddiası deməkdir. Məhz bu düşüncə tərzi Ermənistanın monoetnik əraziyə çevrilməsini, Azərbaycana qarşı ərazi iddialarını və işğalçılıq siyasətini izah edir.
Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət və verifikasiya mexanizmləri altında təhlükəsiz və ləyaqətlə geri qayıtmaq bizim əzəli və təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir və müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh və dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Baş nazirə bir daha çağırış edirik ki, insan haqlarının aliliyinə hörmət etsin və qayıdışımıza əngəl törətməyi dayandırsın”.