"Azərbaycan Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində yeganə asfalt yolu qanunsuz olaraq bağlamaqda davam edir".
Sitat.info xəbər verir ki, bunu martın 16-da hökumətin iclasında baş nazir Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bunun nəticəsində Qarabağda humanitar vəziyyət çətinləşib.
Nikol Paşinyan bildirib ki, bu "insident" Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verib.
O əlavə edib ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi Dağlıq Qarabağ xalqına qarşı etnik təmizləmə və soyqırıma hazırlaşır.
Paşinyan vurğulayıb ki, o, Ermənistanın soyqırımların qarşısının alınması üçün beynəlxalq mexanizmləri işə salmaq üçün tədbirlər görməsini vacib və təcili hesab edir. “Söhbət xüsusilə BMT çərçivəsində nəzərdə tutulan mexanizmlərdən gedir, bununla bağlı mən Xarici İşlər Nazirliyinə müvafiq tapşırıqlar vermişəm” .
Baş nazir onu da qeyd edib ki, Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi istiqamətində iş aparılır. “Düşünürəm ki, faktaraşdırıcı missiya Azərbaycanın Ermənistanın Dağlıq Qarabağda ordu saxlaması və Ermənistandan Dağlıq Qarabağa hərbi transferlərin olması ilə bağlı əsassız iddialarının həlli baxımından vacibdir. Bu iddialar əsassızdır, Azərbaycan onları regional hərbi eskalasiya üçün yeni səbəbə çevirməyə çalışır, ona görə də beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi bu baxımdan da zərurətə çevrilir”.
Qeyd edək ki, Paşinyan və komandası məhz bu yalanlarla Avropa Birliyini aldatmaqla beynəlxalq qüvvələrin regiona ayaq açmasına nail oldu. Bu səbəbdən informasiya müharibəsində Azərbaycan tərəfinin də fəal olmasına ehtiyac var.
Nərgiz,
Sitat.info