Avropada sosial bum: tətillər Almaniyanı bağladı

11:58 28 Mart 2023

Almaniyada nəqliyyat sektorunda çalışan yüz minlərlə işçinin keçirdiyi tətil ölkədə ictimai nəqliyyatı dayandırıb. Maaşların artırılmasını tələb edən işçilər ölkə daxilində 50-dən çox nümayiş keçirib.

Sitat.info xəbər verir ki, Almaniyada dövlət sektoru və dəmiryolunda toplu iş müqaviləsi səbəbiylə ölkə daxilində müxtəlif sektorlarda çalışan təxminən 350 min işçi dünən 24 saatlıq xəbərdarlıq tətili keçirib. Bir çox şəhərlərdə nəqliyyat dayanıb. Dövlət sektorunda və dəmiryolunda kollektiv sövdələşmə anlaşmazlığına görə Almaniyada İctimai İşçilər Həmkarlar İttifaqı və Dəmir Yolu və Nəqliyyat İttifaqı (EVG) ölkə daxilində son 30 ilin ən böyük tətil çağırışını edib. Bir il müddətində əmək haqqının 12 faiz artırılmasını tələb edən EVG, “sosial komponent” olaraq maaşlarda ən azı 650 Avro əlavə artım tələb edir.

Fransada hökumət pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinə etirazlardan sonra böhrandan çıxış yolu axtarır. Qanun layihəsinin qüvvəyə minməsini istəyən Fransa prezidenti Emmanuel Makron dünən nazirlərlə böhranlı görüş keçirib. Qanunu parlamentdən yan keçərək qəbul edən Makron, qüvvəyə minməzdən əvvəl əlavə tədbirlərlə konsensusa gəlməyə ümid edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti