Ötən gün axşam saatlarında yaşadığı evin önündə güllələnən deputat Fazil Mustafa həm də Böyük Qurtuluş Partiyasının sədridir. Bu mənada baş verən hadisə təkcə deputatların deyil, partiya sədrlərinin də təhlükəsizliyi məsələsini gündəmə gətirir. Çünki zaman-zaman onlar da səsləndirdikləri siyasi fikirlərə, tənqidlərə görə hədəfə çevrilə bilərlər.
Bu məsələ ilə bağlı Sitat.info-ya danışan ADP sədri Sərdar Cəlaloğlu vurğuladı ki, dövlət partiya sədrlərinin təhlükəsizliyini təmin etməlidir: "Siyasi partiyalar haqqında qanunda yazılıb ki, Azərbaycan hökuməti partiya sədrlərinin təhlükəsizliyini təmin etməkdir. Bu məsələ müxalifətə münasibətdə tamamilə özbaşına buraxılıb. Hətta prezidentliyə namizəd olanda belə təhlükəzilyi təmin olunmalıdır. İqtidaryönlü partiyaların da təhlükəsizliyi dövlət tərəfinfən təmin olunur. Fazil Mustafa həm də partiya sədridir. Düşünürəm ki, bu məsələdə bir boşluq var".
Hadisənin motivinə gəlincə, S.Cəlaloğlu vurğuladı ki, Fazil Mustafanın güllələnməsinin motivi xarici və ya daxili faktorlar, hətta şəxsi qərəzlilik də ola bilər: " Hüquq-mühafizə orqanlarının borcudur ki, bunu tədqiq eləsin. Cəmiyyətə də məlumat verilsin ki, panikaya səbəb olmasın. İstintaqın obyektv gedişini gözləməliyik".
Məğrur,
Sitat.info