31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Azad Vətən Partiyasının rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib. Soyqırım qurbanlarının və şəhidlərin xatirəsinə dualar oxunub, məzar daşları üzərinə qərənfillər qoyulub.
Xalqımızın qanına susamış cəlladları lənətləyən partiya müvafiq bəyanat və təkliflə çıxış edib. Sənəddə deyilir: “31 mart günü Azərbaycanlıların ermənilər tərəfindən soyqırımı faktını tarixiləşdirib. 1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakıda, habelə müxtəlif tarixlərdə Quba şəhərində, Qarabağ bölgəsində, Naxçıvanda və digər yerlərdə Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən bir əsrdən çox vaxt keçir. XX əsrin əvvəlində Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik-dini mənsubiyyətinə görə məhv edilmişdir. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı genetik nifrət bəsləyən daşnaklar nəinki insanları qətlə yetirmiş, eyni zamanda yaşayış məntəqələrini dağıtmış, mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları viran qoymuşlar. “Böyük Ermənistan” xülyası ilə erməni millətçilərinin xalqımıza qarşı yürütdükləri etnik təmizləmə siyasəti onilliklər boyu davam etmişdir. Bakı quberniyası ilə yanaşı zaman-zaman Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda və Göyçədə 100 minlərlə azərbaycanlı erməni şovinistlərinin qaniçən əməllərinin qurbanı olmuşdur. XX əsrin sonlarına doğru Xocalıda törədilmiş soyqırımı tarixdə analoqu olmayan bir vəhşilikdir.
Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılması üçün daha böyük ölçüdə təbliğat işi aparılmalıdır. İnsanlıq bu vəhşiliyi anlayıb dərk etməsə, onların təkrar törədilməsi ehtimalı gündəmdə qalacaq. Azad Vətən Partiyası hesab edir ki, Şəhidlər Xiyabanında, “Əbədi məşəl” abidəsi ətrafında 1918-1920-ci illər, habelə Xocalı soyqırımı faciələrinin dəhşətlərini özündə əks etdirən dairəvi formada daş fraqmentlər yaradılması tamamilə məqsədəuyğun olar.
Allah şəhidlərimizə rəhmət eləsin!”
Azad Vətən Partiyasının mətbuat xidməti
31 mart 2023-cü il.
Seymur Bənnayev
Sitat.info