“İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burda oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır”.
Sitat.info Report-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin aprelin 4-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O vurğulayıb: “Deputat Fazil Mustafa qarşı edilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Bundan sonra biz nə etməli və hansı addımları atmalıyıq?! Peyğəmbərimizin gözəl ifadəsi var idi: “Əqidəsi olmayan insanın nə inancı, nə də inamı olar”. Bu sözdən çıxış edərək deyə bilərik ki, İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burda oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır. Burdakı insanlar Azərbaycan xalqına, dövlətinə, Prezidentinə inananlar, onun ətrafında sıx birləşənlərdir”.
“Həmin şəxslər bu terror faktı ilə bağlı gözümüzü qorxutmaq istəsələr də, səhv edirlər. Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Heç də sevinməsinlər ki, bu kimi hərəkətlərlə nəyəsə nail ola biləcəklər. Öz əqidəmizlə Prezidentin müsəlləh əsgərləriyik”, - deyə S.Novruzov əlavə edib.
O söyləyib ki, İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb:
“Orada döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir. Həmçinin güclü rəhbəri və komandası var. İranın əlaltılarına da xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar. Qulaqlarını da açıb eşitsinlər ki, bizim də kifayət qədər gücümüz və qüvvətimiz var”.