Argentinanın paytaxtı Buenos Ayresin La Matanza bölgəsində silahlı hücumda həyatını itirən avtobus sürücüsünün həmkarları magistral yolu bağlayıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmkarlarının öldürülməsinə etiraz edən avtobus sürücüləri Buenos-Ayresin təhlükəsizlik naziri Sergio Bernini döyüblər. Tətil edən sürücülər “nazir bizim təhlükəsizliyimizi təmin edə bilməz” deyərək qəzəbləniblər.
“Mən sizinlə üz-üzə gəlmək üçün buradayam, qəzəbinizi başa düşürəm” - deyə nazir cavab verib. “Təhlükəsiz deyilik, bizi öldürürlər” - deyən avtobus sürücüləri bütün inandırma cəhdlərinə baxmayaraq sakitləşməyərək etirazlarını davam etdiriblər.
Nümayişçilərlə danışmaq üçün magistral yola gələn nazir Sergio Berni qəzəbli sürücülərin yumruq və daşla hücumuna məruz qalıb. Çoxlu adamın vurduğu və burnu qanayan Sergio Bernini kütlənin içindən bir neçə polis çıxara bilib. Magistral yolu bağlayaraq tətilə başlayan avtobus sürücüləri rəsmilərdən təhlükəsizlik tədbirlərini artırmalarını, əks halda aksiyadan əl çəkməyəcəklərini açıqlayıblar.
Manşet.az