ASAPES-də "Təhsildən səngərə, səngərdən əbədiyyətə" kitabının təqdimatı olub

20:29 5 Aprel 2023

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Təhsildən səngərə, səngərdən əbədiyyətə” kitabının təqdimat mərasimi keçirilib.

Sitat.info xəbər verir ki, ASAPES-dən verilən məlumata görə, kitab İdman Akademiyasının I və II Qarabağ müharibəsində şəhid olan tələbə və məzunlarına həsr edilib.

Şəhid tələbə və məzunların ailə üzvləri, qazilər, Akademiyanın professor-müəllim heyəti, inzibatı işçilər və tələbələrin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca torpaqların azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra "Vətən müharibəsində Akademiya" adlı film nümayiş etdirilib.

Təqdimat mərasimini giriş sözü ilə açan ASAPES-in rektoru Fuad Hacıyev qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan döyüş əməliyyatları, xalqın birliyi, 44 günlük Vətən müharibəsinin şəhid və qaziləri haqqında danışıb, həmçinin Akademiyanın tələbə və məzunlarının döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edib.

Tədbir zamanı "Azərbaycan Vətən müharibəsi veteranlari" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, şair Tapdıq Əlibəyli, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov, şair-publisist Həsən Qaradağlı, şəhid Ürfan Orucovun anası Şərqiyyə Orucova və şəhid Ramil Yusif-zadənin anası Reyhan Yusifova çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüblər.

Sonda müəllif Dilqəm Quliyev kitabın necə ərsəyə gəlməsindən danışıb və tədbirin təşkili üçün Akademiya rəhbərliyinə, eləcə də qonaqlara təşəkkürünü bildirib.



Xəbər xətti