Təbrizdə “Azərbaycan” meydanında vandalizm aktı

15:33 6 Aprel 2023

İranda Azərbaycan mədəniyyətini simvolizə edən abidələrə qarşı vandalizm aktları davam edir. Bu hədəflərdən biri də Təbrizdəki “Azərbaycan” meydanı və orda ucaldılmış ay-ulduz abidəsi idi.. Bura Təbrizin ən böyük meydanıdır, həm də şəhərin dairəvi yol həlqəsi buradan keçir.

“Etemad” nəşri xəbər verir ki, “meydanda qanunsuz quraşdırlımış və müəyyən şəxslər tərəfindən istifadə olunan şübhəli element götürülüb, “müqəddəs ramazan” sözləri yazılmış lövhə ilə əvəzlənib. Nəşrin iddiasına görə, buna səbəb “vətənpərvər və təəssübkeş” sakinlərin şikayətləri olub. Halbuki hələ meydan salınandan bəri onun adının dəyişdirilməsi tələbləri səsləndirilirdi. Həm də tələb Təbriz sakinlərindən deyil, Tehrandan, paniranist nəşrlərdən, teleqram kanallarından, fəallardan gəlirdi. “Bura Türkiyə deyil, Bakı deyil, Pakistan deyil, Orta Asiya ölkələri deyil! Bura Təbrizin “Azərbaycan “meydanıdır, zəhmət çəkib, xəzinədən pul xərcləyib Təbrizin əsas meydanlarından birində dini rəmz şəklində başqa ölkənin simvolunu yaradıblar. Bura bəzi insanların çəkiliş məkanına çevrilib... Onlar deyirlər ki, bu ay və ulduzumuzdur, tezliklə Əliyevin köməyi ilə bayrağımızı da burada dalğalandıracağıq! Buradan videonu çəkib göndərirlər Bakı televiziyasına, Bakı da reklam edir... İnana bilmirik ki, bu elementi düzəldən məmur bu simvolla Azərbaycanın arasındakı əlaqəni bilməsin!.. Niyə İslam Respublikasının tarixi rəmzindən və ya loqosundan istifadə etməyiblər, Bakının ayı və səkkizguşəli ulduzunu seçməli olublar?” - deyə “Bultan news” bir ay əvvəl yazırdı.

“Nasr” nəşrinin bir il əvvəlki yazısında isə deyilirdi ki, meydanın “Azərbaycan” adlandırılması qərarı 2014-ci il dekabrında o zamankı mer Sadiq Nəcəfi tərəfindən verilib. Sahəsi 12,5 hektar olan və Tehranın “Azadi” meydanından 1,5 dəfə böyük olan layihə İranın ən böyük şəhər meydanlarından biri hesab olunur. Ola bilsin ki, heç paniranistlərin iddia etdiyi mənada o ay-ulduz simvolu Azərbaycan gerbinə deyil, Təbrizin 8 alaqapılı olmasına işarə idi. Əli Səliminin ölümsüz bəstəsində də (“Salam gətirmişəm”) Dədə Qorqud şəhəri və onun Ay-ulduzlu səhəri vəsf olunurdu. Lakin hər rəmzdə təhlükə görən paniransitlər Cənubi Azərbaycanda ən kiçik milli təşəbbüsləri belə boğmağa çalışırlar. Həm də İranın ən böyük şəhər meydanının “Azərbaycan” adlandırılması iqrçiləri narahat edir. O abidə mədəni haqlar uğrunda mübarizə aparanlar üçün rəmzə çevrildikdən sonra isə bu narahatlıq birə beş artmışdı.

“Mehr” agentliyi isə xəbər verir ki, İmamzadə Seyid Məhəmməd Xomeyninin massivində Səfəvilər dövrünə aid tarixi məzar daşları dağıdılıb. Bu köhnə daş parçaları üzərində tarixlər, yazılar, dini şeirlər, çinar ağacları və müxtəlif dekorativ təsvirlər oyulub. Lakin dağıntıların vandalizm aktı olması inkar edilir, təbiətin təsirilə baş verdiyi deyilir.



Xəbər xətti