İrana işləyən mollalar: Onları necə müəyyən etməli?

21:51 6 Aprel 2023

“Mən 118 nəfər dindarın İrana işləməsinə təəccüblənmirəm. Ola bilsin ki, daha çox rəqəmi aşkara çıxarmaq olardı”. 

Sitat.info xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının 118 din xadiminin İrana xidmət etməsindən sonra onların işdən çıxarılması məsələsinə toxunub.

Q.Hüseynli hesab edir ki, uzun müddət Azərbaycandakı dini spektr İranla sıx bağlı olub:

“İran isə uzun illər boyu bu sahədə öz təsirini yaya bilib. Üstəlik, onların böyük bir qismini İranda “təhsil”ə cəlb etmək, habelə İrandakı tədbirlərə qatılmasını təmin etməklə öz təsirləri altına sala bilib. 

Məncə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırda fəallaşması o qədər də diqqətçəkən olmamalıdır. Uzun illərdir İran təsirinin dini qurumlarda yayılmasına, müxtəlif dini icmalar qeydiyyatdan keçirilərkən onların həm də təhsili harada almasına demək olar ki, nəzarət olmayıb. Əgər onlar hazırda fəallaşıbsa, bu, sadəcə olaraq sünidir. Bu qurumda, eləcə də Qafqaz Müsəlmanları İdarəsində olan qurumların siyasiləşməsi, həm də kənardakı dövlətin ideoloji alətlərinə çevrilməsi dəhşətlidir”. 

Mütəxəssisin fikrincə, onlar uzun müddətdir ki, Azərbaycanda ictimai şüurun mahiyyətinə və insanların düşüncə tərzinə dağıdıcı təsir göstəriblər: 

“Mən kimlərinsə işdən uzaqlaşdırılması məsələsinə o qədər də inanmıram. Çünki bu sahədə olan adamların hamısı yoxlanılmalı, hətta onların Azərbaycan dövlətinə sadiqliyi , dövlət quruculuğunda tutduğu mövqe məsələsi, habelə yas və digər dini mərasimlərdə onların hansı mövqedən çıxış etmələri ciddi monitorinq altına alınmalıdır. Biz bu sahəni boş buraxmışıq, buna başçılıq edən adamlar özünün işgüzar keyfiyyətləri, Azərbaycan dövlətçiliyinə bağlılıqları və vətənpərvərlik duyğuları ilə fərqlənməyən, daha çox öz rifahlarına, özlərinin şəxsi problemlərinin həll edilməsinə diqqət yetirmişlər, nəinki ciddi siyasi-ideoloji sahədə olan vəziyyətə. Ona görə də biz bu gün çox çətin və ürəkağrıdıcı bir mənzərə ilə rastlaşmışıq”. 



Xəbər xətti