“Bilmirəm, bu yaltaqlıq canımıza hardan hopub...” - Aşıq Zülfiyyədən etiraz

19:15 7 Aprel 2023

Dünən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirib. Tədbirdə xalq arasında yayılmış 200-ə yaxın mahnı bayağı hesab edilib, 2000-dən çox musiqi əsərində nöqsanlar aşkarlanıb. Milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi deyilən mahnıların siyahısı dərc edilib. 

Məsələn, İlkin Çərkəzoğlunun “Aparır, kayf aparır”, “Bomba kayfda”, “Kayfım zor olanda” mahnıları, Məhəmməd Fədanın “Zır kayfdayam bu gün”, Rüzgarın “Yenə gedirəm”, İlqar Dəniz, Orxan Eşqinin “Nəşəni çəkdim, xumar apardı”, Sənan, Vəli və Arzunun “Bu da təzə temadır, yetim”, Elçin Göyçaylının “Ley-pey olmuşam” mahnılarının qadağan edilməsi təklif olunub. Adlarından da göründüyü kimi, gənclərin beynini zəhərləyən bu tip mahnılar narkotik vasitələri və avara həyat tərzini təbliğ edirlər. Həmçinin meyxanaçı Pərviz Bülbülə, müğənni Şəbnəm Tapdıq, Nüşabə Musayeva, Üzeyir Mehdizadənin oxuduqları mahnılar bayağı mahnılar hesab edilib. 

Bəs bayağılığın standartı nədir? Məşhurlar deyilən fikirlərlə razılaşırlarmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aşıq Zülfiyyə İbadova “bayağı mahnı” anlayışını qəbul etmədiyini bildirib:

“Siz yeməyin hansınasa pis deyə bilərsiniz? Musiqinin də pisi yoxdur, sənətin isə ümumiyyətlə, pisi yoxdur. Sənətkarın isə pisi ola bilər. Bu onun şəxsi işidir. Mən musiqinin heç birinə pis deyə bilmərəm, o “bayağı” sözünü isə ümumiyyətlə, qəbul etmirəm. Əgər bir mahnını böyük kütlə sevirsə, bizim ona pis deməyə haqqımız yoxdur. Biz həmin mahnıya pis deməklə onu dinləyən kütləni, onun zövqünü pisləmiş oluruq. Belə şeylər etmək olmaz. Bu mənim şəxsi fikrimdir, bəlkə də başqaları mənim fikrimlə razılaşmayacaq, lakin mən heç vaxt hansısa musiqiyə pis demərəm”. 

İfaçının sözlərinə görə, bu məsələdə təbliğatdan çox şey asılıdır, insanlara nə dinlədilirsə, ona da öyrəşirlər:

“Qulaq nəyi eşidirsə, ona vərdiş edir. Məsələn, siz hansısa supermarketə, “mall”lara getdikdə eşitmisinizmi ki, hansısa retro mahnılarımız səslənsin? Ancaq xarici musiqilər səslənir. Bilmirəm, bu yaltaqlıq bizim canımıza hardan hopub... Qoy, xaricilər bizim mahnıları dinləsin də. Hələ mən bu günə qədər eşitməmişəm ki, xaricdə hansısa ictimai məkana girəndə orada Azərbasycan musqisi səslənsin və könlümüz xoş olsun. Bizdə isə əksinə. Hara gedirsən xarici musiqi qoşurlar. Bu məsələdə təbliğatdan da çox şey asılır, televiziyalar, radiolar bunu təbliğ etməlidir. Amma bu gün radio, televiziyalara baxanda görürük ki, onlar yerli musiqilərimizi düzgün təbliğ etmir”. 



Xəbər xətti