Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Rusiyaya uçuşları ləğv edib.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda uçuşların dünəndən etibarən dayandırıldığı bildirilib.
“Qazaq Air” sığorta şirkətindən Rusiyada və onun hava məkanında sığorta təminatının verilməməsi ilə bağlı bildiriş alıb. Bu vəziyyəti nəzərə alaraq, aviaşirkət Rusiya ərazisi üzərində sığorta təminatı məsələsi həll olunana qədər Rusiyaya uçuşlar həyata keçirə bilməz”, - məlumatda deyilib.
Bununla əlaqədar martın 12-də Novosibirskə uçan reys artıq ləğv edilib. Sərnişinlərə pulun geri qaytarılacağı vəd edilir.
İki gün əvvəl Qazaxıstanın digər aviaşirkəti “Air Astana” da Rusiyaya uçuşları dayandırdığını açıqlayıb. Uçuşların dayandırılmasına səbəb həm də Rusiya ərazisi üzərindən kommersiya uçuşlarının sığorta təminatının dayandırılması olub.