Fazil Talıbov qazilərin etiraz aksiyaları ilə bağlı danışdı: "Belə ifadə etmək doğru deyil..."

17:30 17 Aprel 2023

Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının qarşısında  qazilərin, müharibə əlillərinin etirazlarını müşahidə edirik. Qazilər problemlərinin həll edilmədiyini deyərək mediaya açıqlama verir, binanın önündə aksiya keçirir. 

Qalib ölkəyə yaraşmayan bu görüntülər hər birimizi narahat edir. Bəs görəsən bu qaziləri narazı salan məqam nədir? Onlar üz tutduqları nazirlikdə qəbul edilmirmi? Niyə şikayətlərini içəridə nazirlik əməkdaşlarına deyil, bayırda mediaya və ictimaiyyətə çatdırırlar? 

Sitat.info bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərib. 

Nazirliyin ictimaiyyətlə əlaqələr şəbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, Vətən müharibəsi iştirakçılarına daim ehtiram göstərilməklə, onlarla bağlı geniş sosial dəstək paketi icra olunur, qarşılaşdıqları problemlərin həlli məqsədilə müvafiq işlər görülür:

" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmət göstərilən kateqoriyalardan biri də Vətən müharibəsi iştirakçılarıdır və onların hər bir müraciəti nazirliyin əməkdaşları tərəfindən qarşılanaraq içəriyə dəvət olunur, müraciətləri diqqətlə dinlənilir. Bu müraciətlər araşdırılaraq qanunvericiliyə uyğun tədbirlər görülür, müvafiq hallarda hüquqi izahatlar verilir. Lakin bu və ya digər aidiyyəti məsələnin araşdırılması üçün vətəndaşın Nazirliyə, yəni müraciətin birbaşa aid olduğu quruma müraciət etməsini “etiraz aksiyası” kimi ifadə etmək doğru deyil".

 Məğrur,

Sitat.info

 



Xəbər xətti