4 saylı Təcili Tibbi Yardım Stansiyasında işçi ilə baş həkim arasında insident baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışovanın hadisə yerindən çəkdiyi canlı yayımda bildirilib. Belə ki, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı qolunu doğrayaraq intihara cəhd edib. Stansiyanın Mirəziz Əzizov adlı əməkdaşı tibb müəssisəsində nöqsanların və qanunsuzluqların olduğunu bildirərək baş həkim Yusif Musayevə bu barədə məlumat verib.
İddiaya görə, stansiya rəhbəri neqativləri açıqladığı üçün tibb işçisini işdən çıxarmaqla hədələyib.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 saylı bölməsinin sürücüsü Əzizov Mirəziz Mirabbas oğlu stansiyada baş verən neqativ hallarla bağlı yerində yoxlama və araşdırmanın aparılmasının təşkil olunması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib. Sözügedən şəxsin şikayətləri nəzərə alınaraq onunla TƏBİB-də görüş keçirilib və narazılıq bildirdiyi məqamlar dinlənilərək qeydə alınıb, eyni zamanda araşdırılıb.
Qeyd edilən 4 saylı bölməyə baxış keçirilib, yerində araşdırma aparılıb. Heç bir əsaslı nöqsan aşkar edilməyib.
Bundan başqa, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbərliyi tərəfindən şikayətdə adları çəkilən şəxslərin iştirakı ilə geniş tərkibdə iclas keçirilib, qeyd olunan iddiaların araşdırılması təmin edilib.
Hazırda TƏBİB-in Daxili nəzarət və monitorinq departamenti tərəfindən də məsələnin geniş araşdırlması həyata keçirilir”.