Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, Türkiyə olmadan bir çox bölgələrdə, o cümlədən Qafqazda hansısa problemi həll etmək mümkün deyil.
Şübhəsiz ki, o, həm də Cənubi Qafqazı nəzərdə tuturdu.
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi zamanı Ankara Bakıya çox ciddi diplomatik dəstək vərdi. O da bəllidir ki, Vətən savaşından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yarandı. Həmin reallıqların müəllifi isə Azərbaycan və Türkiyədir.
Cənubi Qafqazda mövcud durum hələ də mürəkkəbdir. 44 günlük döyüşlərin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın sülh təklifinə müsbət cavab verməyib. Bunun əksinə olaraq, rəsmi İrəvan təxribatlarını davam etdirir. Beləliklə, bölgədəki sülh və sabitlik təhdid edilir.
İkinci bir tərəfdən, Kreml də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların müddəalarının icra olunmasını təmin etmir. Bu isə o deməkdir ki, bölgədə sülh və sabitliyin, həmçinin əməkdaşlıq mühitinin təmin olunmamasında da Moskvanın da qəbahəti var.
Üçüncüsü, İran da regionda “suları bulandırmağa” çalışır. Rəsmi Tehranın aqressiv ritorikası bölgədə yeni gərginliklə nəticələnə bilər. Əlbəttə, mövcud mənzərə Türkiyədən də görünür.
Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi”nə əsasən əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb. Bu isə Bakı və Ankaranın bütün şəraitlərdə bir-birilərinin yanında olması üçün həm də hüquqi təməl yaradır. Region ölkələri, şübhəsiz ki, bunu unutmamalıdırlar.
Azərbaycanı təxribata çəkmək istəyənlər iki dəfə düşünməlidirlər. Çünki qarşılarında təkcə Azərbaycanı yox, həm də Türkiyəni görəcəklər. Akarın xatırlatmaq istədiyi məhz bu idi...
Siyasi şərhçi Kənan Novruzov xüsusi olaraq Sitat.info üçün