"Vahid Əhmədovun müsahibəsi Azərbaycan reallıqları ilə daban-dabana ziddir" - Elman Nəsirov

17:56 25 Aprel 2023

"Vahid Əhmədovun bloqerə verdiyi müsahibə çox ciddi rezonans doğurub. Belə ki, kifayət qədər təcrübəli, uzun illər parlamentdə əyləşən bir deputat elə müsahibə verir ki, bu müsahibə Azərbaycan reallıqları ilə daban-dabana ziddir. Özü dəfələrlə çıxışlarında ifadə edib ki, cənab prezident  İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahı dayanır. 
Ancaq indi tamamilə əksi olan bir mövqeyi təxribatçı sualları ilə populyar olan bloqerə cavabında verir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

O Vahid Əhmədovun AXCP və Müsavatla bağlı fikirlərinə görə qınayıb: "Vahid Əhmədov çox gözəl bilir ki, AXCP öz mahiyyəti etibarı ilə antimillidir və AXCP-nin daxilində olduğu Milli Şura da antimilli şuradır. Siz təsəvvür edin ki, AXCP və  Müsavat partiyasının Azərbaycan cəmiyyətində bir sosial bazası yoxdur, Onlar özlərinin xəyanətkar və antimilli mövqeyini həmişə sübut edib. 44 günlük müharibədə də öz somasızlıqlarını ortaya qoymuş oldular. Ancaq Vahid müəllim bunları görmür, onların yanında yer alır".

E.Nəsirov həmkarının Türkiyə ilə bağlı fikirlərini sayıqlama adlandırdı: "Məlum müsahibədə Vahid Əhmədov daha sonra deyir ki, Azərbaycan bu gün gözlər dikilib. Və o gözlərin biri Rusiyadan, biri İrandan, biri Ermənistandan dikilib. Daha sonra da Türkiyənin də gözlərinin Azərbaycana dikildiyini bildirir.Bu nə məntiqdir? Buna siyasi sayıqlama deyərdim. Vahid Əhmədovun çıxışı Türkiyə dövlətinin, dövlətçiliyinin əlehinədir. Bu kökündən yanlışdır və qəbuledilməzdir". 

Deputat hesab edir ki, Vahid Əhmədova töhmət verilə bilər: "Haqlı olaraq bu gün Azərbaycan parlamentində deputatların əksəriyyəti öz mövqeyini açıq şəkildə bildirdilər. Eyni zamanda intizam komissiyasında Vahid Əhmədovun Azərbaycan dövlətinə, dövlətçiliyinə yönəlmiş mövqeyi ilə bağlı məsələyə baxıldı və bununla bağlı yekdil mövqe ifadə edildi. Yəqin ki, intizam komissiyasında bu məsələlərə obyektiv qiymət veriləcək. Xanım sədrin tapşırığı ilə komissiya öz işinə başlayıb. Mən həmin komissiyanın üzvü deyiləm. Hesab edirəm ki, töhmətdən söhbət gedə bilər".

Seymur,

Sitat.info

 



Xəbər xətti