Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən “Sitat.info”ya verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli xəstəxana binasının zirzəmisində yerləşən elektrik lövhəsində baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, xəstəxana binası yanğından mühafizə edilib.
Paralel olaraq, təhlükəsizlik tədbirləri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 58 nəfər xəstə və 90 nəfər xəstəxana personalı təhlükəsiz əraziyə təxliyə olunub. Xəstəxananın reanimasiya şöbəsində 1963-cü il təvəllüdlü Məmmədova Nazilə Həbib qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.