“Bu, yaxın günlərdə bu da baş verəcək”
“Qarabağ ərazisində yaranmış gərginliyə görə Ermənistan silahlı qüvvələri və rus sülhməramlıları məsuliyyət daşıyırlar”
Martın 7-də Ermənistandan Qarabağa təbii qaz ötürən kəmərdə problem yaranıb. Həmin gündən Xankəndi və ətraf ərazilərə qazın verilişi dayandırılıb.On iki mart gecə saat 21:20-də isə Xankəndinin işıqları sönüb. Şəhərə elektrik enerjisinin nə zaman veriləcəyi isə hələlik bəlli deyil.
Hərbi ekspert Ədalət Verdiyev hazırda Qarabağda baş verənlərlə bağlı “sherg.az”a danışarkən bildirib ki, bu erməni silahlılarının indiyə qədər həmin ərazilərdən çıxarılmamasının nəticəsidir:
“Son vaxtlar atəşkəsin intensiv şəkildə pozulması Qarabağda rusların nəzarətində yaşayan ermənilərin qaz təminatının dayanması ilə nəticələndi. Böyük ehtimalla bu qaz xəttini Ermənistan tərəfdən atılan mərmi zədələyib. Həftələrlə gəlməyən qaz elektik təchizatına tələbatı artırdı və nəticədə ermənilərin istifadəsində olan tranfarmator sistemi də yüklənməyə tab gətirməyib sıradan çıxdı”.
Ə.Verdiyevin qənaətincə, hazırda erməni silahlılarının Azərbaycan tərəfinə açdığı atəşə adekvat cavab tədbirlərinin görülməsi ordumuzun ata biləcəyi ən yumşaq addımdır:
“Əslində atəş açılan mövqelərin tamamilə Azərbaycanın nəzarətinə keçməsini və həmin ərazilərdə bayrağımızın ucaldılmasını gözləyirdik. Yəqin ki, yaxın günlərdə bu da baş verəcək. İstənilən halda indi Qarabağ ərazisində yaranmış gərginliyə görə Ermənistan silahlı qüvvələri və rus sülhməramlıları məsuliyyət daşıyırlar”