60 yaşı tamam olan müəllimlər sertifikatlaşdırmadan azad olunacaqlar.
Bu sözləri deputat Vüqar Bayramov Sitat.info-ya açıqlamasında Milli Məclisin bugünkü iclasında “Əmək Məcəlləsi”-nin müzakirə edilməsi ilə bağlı qərarı şərh edərkən bildirib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günkü iclasında “Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edildi. Layihələr komitə tərəfindən dəstəkləndi və plenar iclasa tövsiyyə olundu. Yeni dəyişikliklərə əsasən, ümum təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni, dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa o heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər.
İclasda çıxışım zamanı sertifikalaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflərimi təqdim etdim. Əvəlla, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da belə meyarların sayının artırılmasına ehtiyac var. Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır.
İkincisi, sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olardı.
Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər.
Deputat Vüqar Bayramov əminliklə bildirib ki,“Elm və Təhsil Nazirliyi ilə təhsil sektorunun inkişafı ilə bağlı mütəmadi faydalı müzakirələrimizin aparıldığını və təkiflərimizə hər zaman diqqətlə yanaşdıqlarını nəzərə alaraq əminik ki, sertifikatlaşdırmanın təkimilləşdirilməsi ilə əlaqədar da səmərəli fikir mübadiləsi aparılacaq”.
Ayna Fərhad