Slovakiya Rusiya səfirliyinin üç əməkdaşını casusluq ittihamı ilə ölkədən çıxarır

15:05 15 Mart 2022

Slovakiya Rusiya səfirliyinin üç əməkdaşını casusluq ittihamı ilə ölkədən çıxarır.

SİTAT.İNFO Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı Slovakiya Xarici İşlər Nazirliyi yayıb. Nazirliyin təmsilçisi Yuray Tomaqa TASR xəbər agentliyinə bildirib ki, səfirliyin əməkdaşları Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasını pozan fəaliyyətlə məşğul olublar. Diplomatlar 72 saat ərzində Slovakiyanı tərk etməlidirlər.

Qeyd olunub ki, Slovakiya bu addımı ölkənin kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə əsaslanaraq atıb. Xarici İşlər Nazirliyi Rusiya səfirliyini öz fəaliyyətini hər iki ölkənin öhdəlik götürdüyü Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını uyğun həyata keçirməyə və Konvensiyaya, beynəlxalq hüququn digər normalarına və diplomatik praktikaya zidd olan fəaliyyətdən çəkinməyə çağırıb.

“Dennik N” qəzeti isə bildirib ki, Slovakiya təhlükəsizlik orqanları Rusiyaya casusluqda şübhəli bilinən daha üç nəfəri, o cümlədən Slovakiya Müdafiə Nazirliyinin polkovniki, Slovakiya Kəşfiyyat Xidmətinin üzvü və “Hlavnespravy.sk” saytı ilə əlaqəli bir nəfəri saxlayıb. Polis bu məlumatı hələlik təsdiqləməyib.



Xəbər xətti