Türkiyənin Gəncədəki baş konsulluğunda səsvermə davam edir

19:56 6 May 2023

Türkiyənin Gəncədəki baş konsulluğunda qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkilərində ötən gün səhər saatlarından başlanan səsverməsi davam edir.

Sitat.info xəbər verir ki, Türkiyə vətəndaşlarının səsvermədə iştirak etməsi üçün Gəncədə 3 seçki məntəqəsi yaradılıb. Bu şəhərdə yaşayan Türkiyə vətəndaşları baş konsulluğa gələrək öz namizədlərinə səs verirlər.

Türkiyə vətəndaşı Hasan Küçükbekar səsvermə prosesinin şəffaf və qaydalara uyğun keçirildiyini deyib.

Qardaş ölkədən olan daha bir vətəndaş Mehmet Can Akçay onlar üçün şəffaf şəkildə səsvermə imkanının yaradılmasına görə minnətdarlığını bildirib: “Bu gün mən də burada öz səsimi verdim, seçimimi etdim. Ümid edirəm, bu seçkilərdə layiq olan qazanacaq. Bizə yaradılan şəraitə görə təşəkkür edirəm”.

Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın martın 10-da imzaladığı sərəncama əsasən, Türkiyədə seçkilər mayın 14-də keçiriləcək. Ehtiyac yarandığı halda, seçkilərin ikinci turunun mayın 28-də keçirilməsi planlaşdırılır.

Prezident seçkiləri parlament seçkiləri ilə eyni gündə keçiriləcək./ AZƏRTAC



Xəbər xətti