İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumi uzunluğu 39,7 km olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 km-lik hissəsinin açılışı həyata keçirildi. Yol birinci texniki dərəcəyə uyğun tikilib.
Sitat.info xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi İlham Süleymanov deyib.
İ.Süleymanovun sözlərinə görə, yol 4 hərəkət zolağından ibarətdir:
"Yolun 8,2 km-lik hissəsinin üzərində 4 avtobus dayanacağı, uzunluğu 79 metr olan bir ədəd körpü və 15 ədəd müxtəlif diametrli suötürücü borular tikilib təhvil verilib.
Bundan başqa, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun açılışında iştirak edib.
Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.
Layihəyə əsasən, yolun 6,7 kilometrliyində "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir. Həmçinin yolda 8 ədəd müxtəlif suötürücü boru və heyvan keçidləri də daxil olmaqla 7 düzbucaqlı boru inşa edilib"./ Publika.az