İlham Əliyev bu günü yaddaşımızdan sildi...

14:31 8 May 2023

Sitat.info xəbər verir ki, 28 il bu günü “Şuşanın işğal günü” kimi qeyd etdik. Bu gün Qarabağ dərdi bütün ağırlığı ilə canımıza çökərdi, içimizi yandırardı.

Səbəbkarları axtarardıq, şahidləri danışdırardıq. “Alınmaz qalanı düşmənə kim təslim etdi?” ağrısına cavab axtarardıq.

3-cü ildir ki, bu gün – artıq səhəri dəhşət içində yox, ruh yüksəkliyi ilə açırıq.

İlham Əliyev ən dəhşətli işğal tarixini tarixdən sildi, ruhumuzdan təmizlədi, canımızdan çıxartdı. Bu günü artıq xatırlayan yoxdur – şükürlər olsun!

İlham Əliyev bu günün fərəhinə fərəh qatdı – müstəqillik tariximizin ən böyük əfvini imzaladı, Ümummilli liderin 100 illik yubileyinə humanist bir aksiya ilə qədəm qoydu və bu Sərəncamı məhz bu gün – 8 mayda imzaladı.

801 şəxsə şamil olundu, 801 ailə və o ailələrin yaxınlarının üzü bir daha güldü...

Mən isə - bəlkə də bir çoxları kimi - bu gün səhər açılandan özümü həm Şuşada hiss elədim, bağrıma basdım, nəfəsini qoxladım, həm də çox darıxdım Şuşa üçün. Qəribsədim, sevindim, kədərləndim, kövrəldim, son 2 ildə Şuşada keçirdiyim möhtəşəm, əsrarəngiz günləri anbaan xatırlamağa çalışdım.

Çox qəribədir, Şuşada olarkən tək olanda da tək hiss etmirsən özünü. Sənə elə gəlir ki, dörd bir yanın qələbəlikdi, doludur, dopdoludur, hətta Onların havaya xəfifcə toxunuşunu belə hiss edirsən. Və sən bu ruhaniyyətin, qeyri-adiliyin, sonsuzluğun işığı ilə, energetikası ilə elə köklənirsən ki, sanki səcdəgahdasan. Səcdə edirsən, dua edirsən, şükr edirsən... Qəhrəman Ordumuza, Qəhrəman Şəhidlərimizə, Qəhrəman Ali Baş Komandanımıza...

Mən Zəfər savaşından sonra Ali Baş Komandanın fotosunu, videosunu hər dəfə görəndə, hər dəfə səsini toplantıda, onlayn mediada, TV-də, sosial şəbəkədə eşidəndə bəzən yüksək səslə, bəzən pıçıltı ilə dua edirəm, şükr edirəm, təşəkkür edirəm. Deyirəm ki, "Şuşaya görə çox sag olun, Cənab Prezident! Şuşaya görə... Siz yalnız Şuşanı diriltmədiniz ki, Cənab Prezident, Siz bizi də diriltdiniz! Siz təkcə Şuşanı dirçəltmirsiniz ki! Bizi də dirçəldirsiniz... Siz heç bilirsiniz nə etmisiniz?! Siz bizə dünyanı bəxş etmisiniz. Şuşa Dünyadır! Siz bizə nəfəs vermisiniz. Şuşa Nəfəsdir! Şuşa hər şeydir.../Axar.az



Xəbər xətti