YAP-ın nümayəndə heyəti Manisada Yunusemre bələdiyyəsini ziyarət edib

15:20 8 May 2023

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Türkiyənin Manisa şəhərinə səfəri davam edir.

Sitat.info xəbər verir ki, nümayəndə heyəti mayın 8-də Manisa şəhərində Yunusemre Bələdiyyəsinin sədri ilə görüşüb.

Görüşdə çıxış edən bələdiyyə sədri Mehmet Çerçi 44 günlük savaşda Türkiyə vətəndaşlarının da ürəyinin Azərbaycanla döyündüyünü bildirərək deyib: "İkinci Qarabağ müharibəsində qazandığınız Zəfər bizi çox sevindirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sayəsində hər iki ölkə gələcəyə doğru inamla irəliləyir. Bizim qardaşlığımız daim var olacaq".

Sonra çıxış edən Manisa Azərbaycan Mədəniyyət Evinin rəhbəri Seyfəddin Ayakyay bildirib ki, Manisada Azərbaycan parkı var. Həmin parkda Heydər Əliyev Evinin yaradılması nəzərdə tutulub. “Azərbaycan Prezidenti İlham Əliyevin "Bir millət, iki dövlət, tək yumruq" şüarı düşmənlərimizə bizim birliyimizin gücünü göstərir. Türkiyə-Azərbaycan əlaqələri heç vaxt indiki qədər möhkəm olmayıb", - deyə o qeyd edib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Türkiyənin artıq beynəlxalq aləmdə aparıcı aktorlardan birinə çevrildiyini vurğulayıb. Qeyd olunub ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədədir. Türklər dövlətçilik ənənələrinə sadiqdirlər. "TCG Anadolu" hərbi gəmisi, "Bayraktar TB3'', ''Kızılelma'' PUA-ları bu ölkənin necə sürətlə inkişaf etdiyinin sübutudur. “Bu gün Türkiyənin ədalətli mövqe tutması beynəlxalq arenada onun gücünə güc qatır. YAP və AK Partinin ortaq məqsədləri var - Türkiyənin və Azərbaycanın gücünə güc qatmaq. Bir çox ölkələr Azərbaycan-Türkiyə münasibətlərinə həsəd aparır. Qardaş ölkə regionda sülh üçün çalışır”, - deyə o bildirib.

Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib./ AZƏRTAC



Xəbər xətti