Ümumən əfv fərmanını müsbət qarşılayıram və belə də olmalıdır.
Bu sözləri Sitat.info-ya açıqlamasında, bu gün prezident İlham Əliyevin əfv fərmanı imzalamasına münasibət bildirərkən Ağ Partiya sədri Tural Abbaslı bildirib.
O qeyd edib ki, Əli Əliyevin də adının orda olması sevindirici haldır: "Siyasi məhbuslar sırasında olan adamın, partiya sədrinin çıxışına görə həbsdə qalması Azərbaycan adına ayıb idi. Təbii ki, ümumilikdə müsbət haldır. Səhv etmirəmsə 801 adama şamil edilib. Müxtəlif formatlarda 400-ü birbaşa azadlığa buraxılıb, 300-dən çoxu cəzasının yerdə qalan hissəsindən azad olunub. Yenə qeyd edirəm, istənilən halda humanist addımdır, müsbət qarşılayırıq. Amma daha çox olmasını arzulayardıq”.
Daha sonra partiya sədri qeyd edib ki, gözlənti çox böyük idi: “1500-2000 civarında adamın azadlığa buraxılmasını istəyirdik və gözləyirdik. Bu prezidentin əlahiddə səlahiyyəti çərçivəsinə daxildir. Bu baxımdan biz müzakirə edib nə isə deyə bilmərik. Tez-tez əfv fərmanlarının olmasını, dövlətin öz vətəndaşlarına ikinci şansı verməsini istəyərdik. Arzumuz odur ki, növbəti əfv fərmanında siyasi məhbusların böyük əksəriyyəti azadlığa buraxılsın. Biz bunu müsbət addım kimi qiymətləndiririk”.
Ayna Fərhad
Sitat.info