“Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir” - Qafarov

17:45 8 May 2023

“Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın məhz Şuşada keçirilməsi xüsusi siyasi önəm kəsb edən bir hadisədir. Şəhəri ziyarət edən qonaqlar ermənilərin burada işğal dövründə törətdikləri dağıntıları gördükdən sonra, artıq onlarda da Şuşanın kimə məxsus olduğuna dair heç bir şübhə qalmır. Yalnız yadelli işğalçılar bir şəhərin tikililərinə, mədəni-tarixi abidələrinə qarşı belə vandallıqlara yol verə bilərlər. İyirmi səkkiz il ərzində ermənilər Şuşanın yaşaması və inkişaf etməsi üçün heç nə etməyiblər. Artıq bir neçə gündən sonra 100 illiyini böyük təntənə ilə qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu arzunu gerçəkləşdirdi”.

Sitat.info xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: “Beynəlxalq konfransın iştirakçıları ilə görüşmək üçün Şuşaya səfər
etmiş Prezident İlham Əliyev burada dünyanın aparıcı beyin mərkəzlərinin, təhlil və tədqiqat
institutlarının ekspertlərinin suallarını cavablandırıb. Hər zaman olduğu kimi, möhtərəm
dövlət başçımız prinsipial mövqelərdən çıxış edərək, bütün məsələlərə Azərbaycanın və eyni
zamanda da bütün Cənubi Qafqaz regionunun maraqlarına cavab verən yanaşma nümayiş
etdirib. Prezident İlham Əliyevin açıqlamalarında konkret məsələlərə dair konstruktiv
çağırışlar və mesajlar əks olunub. Diqqətəlayiq məqamdır ki, konfransda iştirak edən bəzi
analitiklər hətta öz ölkələrinin də müəyyən məsələlərdə Azərbaycana qarşı ikili standartlar
siyasəti yürütdüklərini etiraf ediblər. Məsələn, ABŞ-ın Hərbi Dəniz Donanması Ali
Məktəbinin professoru Brenda Şafer öz ölkəsinin bu yaxınlarda açıqlanmış Təhlükəsizlik
Strategiyasında ABŞ-ın Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü və Ermənistanla
Azərbaycan arasında sülhü təşviq etməli olduğunun qeyd edildiyini bildirdi. Ekspert açıq
mətnlə bildirdi ki, bu sözlər açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünü təşviq etmir.
Məsələnin maraqlı tərəfi isə budur ki, xanım Şafer bu prinsipin müəyyən ölkələrə şamil
edilib, digərlərinə edilməməsinin səbəbini ABŞ-da deyil, Azərbaycanda axtarır. Səbəb isə,
cənab Prezident İlham Əiyevin dediyi kimi, Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik
olması və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji

yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdləridir. Məhz bu səbəbdən ABŞ prezidentlərinin
rəsmi bəyanatlarında, eləcə də Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında bu
ölkələrin ərazi bütövlüyünə dəstəklə bağlı hər zaman açıq-aşkar ifadələr yer alıb.
Azərbaycana münasibət isə tam fərqli olub. İşğal dövründə isə bu münasibət daha ədalətsiz
və haqsız idi. Təbii ki, həmin dövrdə Azərbaycan bu məsələyə daha həssas yanaşırdı. Lakin
indi bu həssaslıq çox dəfələrlə azalıb və bu da regionda 2020-ci ildən sonra formalaşmış yeni
geosiyasi reallıqların daha bir təzahürüdür. Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi
Qələbə ilə başa vuraraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. Daha
önəmli olan budur ki, Ermənistan özü ötən ilin oktyabrında Praqa Bəyannaməsini, yenə də
ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalamaqla, 1991-ci il Almatı Bəyannaməsinin
normallaşma üçün əsas kimi götürülməli olduğunu təsdiqləməklə, faktiki olaraq
Azərbaycanın ərazi bütövlüyünü Qərbdəki bəzi dostlarından daha açıq şəkildə tanıyır.”
K.Qafarov beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatının inkişafında
Azərbaycanın rolu ilə bağlı məsələnin müzakirə olunmasının önəmli bir məqam olduğunu
vurğulayaraq deyib: “Böyük Britaniyanın Xarici İnkişaf İnstitutunun qlobal risk üzrə eksperti
İlayda Nicharın sualını cavablandırarkən cənab Prezident İlham Əliyev bir neçə önəmli
məqamla bağlı ətraflı açıqlamalar verdi. İlk növbədə, dövlətimizin başçısı bildirdi ki,
Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə son dərəcə fəal və
təşkilatın tərkibində daim ən mühüm ölkələrdən biri olub. Təşkilatın yaradılması haqqında
bəyannamənin 10 il bundan əvvəl Naxçıvanda qəbul edilməsi də çox önəmli faktordur.
Sonradan təşkilatın adının dəyişdirilməsi məsələnin mahiyyətini dəyişmir. Vacib olan budur
ki, təşkilatın bütün üzvləri əsas məqsəd uğrunda, yəni Türk Dövlətləri Təşkilatının daha vacib
beynəlxalq oyunçuya çevrilməsi üçün daha böyük səylə çalışmalıdırlar. Prezident İlham
Əliyevin dediyi kimi, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır. Buna bir
çox resurs və imkanlar – əhali, coğrafiya, nəqliyyat marşrutları, Avrasiya komponenti, enerji
ehtiyatları şərait yaradır”.



Xəbər xətti