YAP nümayəndə heyəti Manisada Şahzadələr bələdiyyəsində olub

19:32 8 May 2023

Türkiyənin Manisa şəhərində səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti mayın 8-də Şahzadələr bələdiyyəsinin sədri ilə görüşüb.

Sitat.info xəbər verir ki, görüşdə bələdiyyə sədri Ömər Faruk Çelik 44 günlük müharibədə qardaş türk xalqının ürəyinin Azərbaycanla döyündüyünü bildirib. "Azərbaycan Türkiyənin canıdır. 44 günlük müharibə zamanı biz əmin idik ki, qardaşlarımız qələbə qazanacaq və belə də oldu. Biz də sizinlə birlikdə bu Zəfərə çox sevindik. Qardaşımızın Zəfərindən sonra həmin gün bələdiyyəmizin binasında Azərbaycan bayrağını dalğalandırdıq. Manisa bələdiyyələri Azərbaycan bələdiyyələri ilə qardaşlaşmaq niyyətindədir", - deyə o qeyd edib.

Hazırda Azərbaycan ilə Türkiyə arasında sıx münasibətlərin qurulduğunu vurğulayan YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib: “Tarixi hadisələr bizi bir müddət ayrı saldı, lakin indi biz yenə də birik. Əminik ki, bu gün bir çox ölkələr bizim münasibətlərimizə həsəd aparır. Azərbaycan və Türkiyə tarix boyu bir-birinə heç vaxt bu qədər yaxın olmayıb. Ümid edirik ki, bu münasibətlər gələcəkdə də davam edəcək".

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib ki, Türkiyə və Azərbaycanın tarixən bir-birinə dəstək olub və bu, bu gün də belədir. O, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük uğurlara imza atdığını, dünyada nüfuzlu ölkəyə çevrildiyini bildirib./ AZƏRTAC



Xəbər xətti