Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.
Sitat.info xəbər verir ki, Milli Məclisin deputatı Naqif Həmzəyev müsahibəsində doğulduğu və uşaqlığının keçdiyi Göyçə mahalında üzləşdikləri çətinliklərdən söhbət açıb.
O, 1988-ci ildə ailəsi ilə birlikdə Basarkeçər rayonunun Nərimanlı kəndindən məcburən çıxarıldıqlarını, əvvəlcə Kəlbəcər rayonuna, sonra isə Gəncə şəhərində məskunlaşdıqlarını və uşaqlıq dövründə yaşadığı deportasiyanın ağır olduğunu bildirib.
Onun sözlərinə görə, erməni həkimlər azərbaycanlıların ölümünə səbəb olur, soydaşlarımızla kobud rəftar edirdilər: “Biz tarixi torpaqlarımızı məcburiyyət qarşısında qalaraq tərk etdik. Əgər o dövrlərdə Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətdə olsaydı, xalqımız nə deportasiyanı yaşayar, nə də sonrakı faciələrlə üzləşərdi”.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı azad etməsindən, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasından söhbət açan N.Həmzəyev deyib ki, gün gələcək qərbi azərbaycanlılar da öz vətənlərinə qayıdacaqlar: “Çünki bu, soydaşlarımızın qanuni haqqıdır”.
O, Qərbi Azərbaycan İcmasının bu istiqamətdə böyük işlər gördüyünü diqqətə çatdırıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır./ Report