Bu ölkə liderlərinin Moskvadakı parada qatılmasına sərt reaksiya verilib

19:28 9 May 2023

Ukrayna Xarici İşlər Nazirliyi Ermənistanın Baş nazirinin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin mayın 9-da Rusiyanın paytaxtı Moskvada Qızıl meydanda Qələbə Gününə həsr edilən təntənəli hərbi paradda iştirakını amoral və qeyri-dost addım hesab edir.

Sitat.info xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin bəyanatında bildirilib.

“Tədbir zamanı hərbi cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilən Rusiya Prezidenti Vladimir Putin ukraynalıların öldürülməsinə, Ukraynanın şəhər və kəndlərinin dağıdılmasına, ukraynalı uşaqların oğurlanmasına və işğal olunmuş Ukrayna ərazilərinin sakinlərinə qarşı repressiyalara haqq qazandırıb”, - bəyanatda deyilib.

Qeyd olunub ki, sözügedən paraddan öncəki gecə Rusiya Ukrayna torpaqlarında daha çox insan tələfatına və daha çox dağıntıya yol açmaq üçün Ukraynaya 15-i Kiyevə olmaqla 25 qanadlı raket atıb.

Bundan əlavə, XİN Moskvada keçirilən tədbirin iştirakçılarına Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzkar müharibəsində “onuncu ildir ki, iştirak edən” Rusiya hərbi texnikasının nümayiş etdirilməsinə diqqət çəkir.

“Biz bu xarici dövlətlərin rəhbərlərinin Avropada İkinci Dünya müharibəsindən bəri misli görülməyən miqyasda savaşa başlaması ilə öyünən hərbi cinayətkarın yanında ictimai tədbirdə iştirakını Ukraynaya qarşı əxlaqsız və qeyri-dostcasına addım, həmçinin yaşam və azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına sayğısızlıq kimi dəyərləndiririk”, - XİN bildirib.

Xatırladaq ki, mayın 9-da Moskvada İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində Qələbə Günü münasibətilə keçirilən paradda yalnız keçmiş SSRİ ölkələrinin adıçəkilən liderləri, o cümlədən Belarus Prezidenti Aleksandr Lukaşenko edib. Sonuncu Ukraynanın bəyanatında ümumiyyətlə anılmayıb.



Xəbər xətti