ASCO-dan Ulu Öndərin və akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı maraqlı layihə

19:54 9 May 2023

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu, milli gəmiçiliyin inkişafında böyük xidmətləri olan Heydər Əliyevin və onun ömür-gün yoldaşı oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə maraqlı musiqili layihə həyata keçirilib.

Sitat.info xəbər verir ki, layihə çərçivəsində Ulu Öndərin və görkəmli oftalmoloqun adını daşıyan gəmilər - “Prezident Heydər Əliyev” tankeri və Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi bir araya gətirilib. Doğma Xəzərin qoynunda üzən gəmilərin göyərtəsində Xalq artisti Nəzakət Teymurova “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.

Kompozisiya üçün “Küçələrə su səpmişəm” mahnısının seçilməsi xüsusi məna kəsb edir. Musiqini dərindən duyan və ona dəyər verən Ulu Öndər Heydər Əliyevin sevdiyi mahnılar sırasında “Küçələrə su səpmişəm” mahnısı xüsusi yer tutub.

Bu layihənin ərsəyə gətirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevi və Zərifə Əliyevanı yad etmək, onların əziz xatirəsinə dənizçilərin sonsuz ehtiramını çatdırmaqdan ibarətdir./ AZƏRTAC



Xəbər xətti