Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Qlobal Qadınlar Sammiti keçirilir. Tədbirdə qlobal və regional meqatrendlər, davamlılığın yenidən müəyyən edilməsi, qadın sahibkarlığının inkişafı, ailə biznesində yeni reallığa keçid, gender bərabərliyinin beynəlxalq göstəricilərinin təmin edilməsi, enerji sahəsində qadınların fəaliyyəti, rəqəmsal transformasiya və əməyin gələcəyi, qadınlara məxsus müəssisələrin maliyyələşdirilməsi üçün yeni şərtlər və digər məsələlərlə bağlı müzakirələr aparılır.
Sitat.info xəbər verir ki, ölkəmizi bu tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təmsil edir.
Milli Məclisin deputatı sammit çərçivəsində Kamerunun ailə, qadın və inkişaf məsələləri üzrə naziri Marie-Therese Abena Ondoanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan qadınlarının cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, müvafiq dövlət siyasəti haqqında danışılıb.
Qənirə Paşayeva Azərbaycanın 44 günlük müharibədəki Zəfərinin regionda yeni reallıqlar yaratdığını vurğulayıb. O, Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında 30 ilə yaxın müddətdə törətdiyi vandalizm aktları ilə bağlı yeni faktların üzə çıxdığını bildirib.
Komitə sədri bildirib ki, Azərbaycan qadınlarının, uşaqlarının, bir sözlə, keçmiş məcburi köçkünlərin hüquqları Ermənistan tərəfindən bu gün də pozulur. Vurğulanıb ki, dünya ictimaiyyəti, xüsusilə də qadınlar bu kimi vandalizm aktlarına laqeyd qalmamalı və öz etiraz səsini ucaltmalıdırlar.
Sonda Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmasını özündə əks etdirən “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusu və digər materiallar kamerunlu nazirə təqdim olunub./ AZƏRTAC