Şəki Ağır Cinayətlər Məhkəməsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Fazil Malıyevin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Sitat.info xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
Qeyd: Rəsmi məlumata görə, Kür çayının məcrasının sahilində qanunsuz qazıntı işlərinin aparılması haqqında Ekologiya və Təbii Sərvətlər Nazrliyindən daxil olan məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.
Müəyyən edilib ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə Kür çayının məcrasının sahilində oyuqların əmələ gəlməsinə səbəb olmuş “Mingəçevir” yatağında qum-çınqıl istehsalı məqsədi ilə 5 il müddətinə ayrılmış 10 ha sahədən kənarda 2 il ərzində qanunsuz olaraq 1 milyon 275 min manat dəyərində qum-çınqıl hasilatı aparılmaqla qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.
Bundan başqa, digər şəxs tərəfindən qum-çınqıl istehsalı məqsədi ilə ayrılmış sahədən kənarda 3 il ərzində qanunsuz olaraq 744 min manat dəyərində qum-çınqıl hasilatı aparılması yolu ilə ağır nəticəyə səbəb olmuş qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.
Daha sonra karxana rəhbəri Fazil Malıyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 188.4.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 247-ci (İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib./ Pravda.az