Türkiyə Milli Müdafiə Nazirliyinin hərbi tibb heyəti ilə görüş keçirilib

15:00 12 May 2023

Azərbaycan ilə Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Milli Müdafiə Nazirliyinin Tibb Xidməti rəisinin müavini tibb xidməti general-mayoru Durmuş Aydəmirin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Sitat.info xəbər verir ki, nazirliyin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev qonaqları salamlayaraq onlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, xüsusilə Vətən müharibəsində hərbi tibb personalının fəaliyyəti barədə geniş məlumat verib.

Görüşdə hərbi tibb xidmətinin Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində tərəfləri maraqlandıran suallar müzakirə olunub.

Qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi ilə tanış olub, hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub./ AZƏRTAC



Xəbər xətti