Rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib ki, heç bir sanksiya Rusiyanı dayandırmayacaq və onları tətbiq edənlər düşünməsinlər ki, Rusiya Ukrayna ilə kifayətlənəcək.
“Ukrayna Rusiya üçün yalnız keçiddir” - deyə Solovyov əlavə edib. Bu, blefdi, yoxsa Putinin hədəfi gerçəkdən başqa ölkədir?
Məsələn, son vaxtlar bir sıra təhlilçilər deyir ki, Putin Polşaya qədər qoşunların irəliləməsinə çalışacaq. Düzdür, Polşaya hücum 3-cü dünya müharibəsinin başlaması olardı, orası bir NATO ölkəsidir. Amma nəzərə alaq ki, bu Putindir, yəni hər ağlasığmaz hərəkəti ondan gözləmək olar. Polşa sərhədinə çatıb, dünyanı nüvə müharibəsi, yaxud 3-cü dünya savaşı ilə təhdid edə bilər. Nəzəri baxımdan bu da mümkündür.
Bir də onu da qeyd edək ki, Rusiya Qara dənizə çıxış üçün var gücü ilə çalışır. Şimal qonşumuz həm Ukraynanın qərb sərhədinə, həm Qara dənizə - cənub sərhədinə irəliləyə biləcəkmi? Buna gücü, zamanı çatacaqmı?
Bir daha xatırladaq ki, Rusiyanın Polşaya qədər gedib çıxmaq planını indiyədək bir sıra Qərb, o cümlədən Türkiyə təhlilçiləri istisna etmir...
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, Rusiya bundan sonra digər bölgələrə diqqət yetirəcək: “Solovyovun açıqlaması, məncə, demarş məqsədi daşıyır. Amma Rusiyanın indiki potensialda planları heç də həmin ölkələri işğal etməkdən ibarət ola bilməz. Sadəcə, təhdid edə bilər. Bu, daha çox Ukrayna məsələsi ilə əlaqədardır. Çünki Dnepr çayının sağ sahilini tamamən ələ keçirdikdən sonra burada artıq anti-Rusiya mövqeyində olan şəxslərin Qərb zonasına köçürülməsinə çalışılır. Məncə, Rusiya bundan sonra digər bölgələrə diqqət yetirəcək. Bu, Moldova və Orta Asiyada bəzi ölkələr ola bilər. Tam olaraq plan bundan ibarətdir.
Əziz Əlibəyli: “Bütün ölkələrin arxasında NATO nizamnaməsinin beşinci maddəsi dayanmır”
Solovyov kimilərin dili ilə Polşa və digər ölkələri təhdid etmək, sadəcə, xəbərdarlıq məqsədi daşıyır. Çünki Rusiya ətrafında bir informasiya blokadası da yaradılıb. Onu da deyim ki, Kreml Polşanın bəzi bazalarını vura da bilər. Amma bu nə dərəcədə Rusiya-NATO münaribəsinə səbəb ola bilər? Bu suala cavabı düşünmək lazımdır. ”Polşaya hücum NATO-ya hücumdur" kimi fikirlərin Türkiyənin sərhəd bölgələri bombalananda şahidi olmuşuq. Biz görmüşük ki, burada elə spesifik davranan tərəf NATO-dur. Heç də bütün ölkələrin arxasında NATO-nun nizamnaməsinin beşinci maddəsi dayanmır".
Kənan Rövşənoğlu: “İmperiya xəritəsi arzusu ilə yaşayırlar”
Siyasi yazar Kənan Rövşənoğlu hər şeyin Ukraynadakı müharibənin nəticəsindən asılı olduğunu söylədi: “Solovyovun sözləri daha çox təhdiddir. Əlbəttə, Rusiyada bu cür düşünənlər var, onlar köhnə imperiya xəritəsi arzusu ilə yaşayırlar. Ümumiyyətlə, bütün keçmiş imperiyalarda bu cür siyasətçilər və mühafizəkar kütlələr olur. Amma reallıq başqa şeyləri diktə edir. Bəli, SSRİ Şərqi Avropanın bir çox ölkəsində sosialist hakimiyyətləri qurmaqla ətrafında ”bufer zona" yaratmışdı. Buraya Polşa da daxil idi. Amma indi Rusiyanın bunu etmək imkanı yoxdur. Əlbəttə, post-sovet respublikalarında situasiya fərqlidir. Ümumiyyətlə, Rusiyanın bir dövlət olaraq nə ideoloji, nə də sosial-iqtisadi cazibəsi yoxdur. Moskvanın əlində hazırda yeganə qlobal ideoloji kart anti-Qərb ritorikadır. Rusiya kapitalist ölkədir, oliqarxiya tərəfindən idarə olunur, korrupsiya və rüşvətxorluq çox dərinə işləyib. Belə bir ölkə Avropa ölkələri, xüsusən də Avropa İttifaqı üzvü olmuş bir ölkə üçün cəlbedici ola bilməz. Dediyim kimi, Rusiyanın yeganə kartı Qərb əleyhdarlığıdır və bundan geninə-boluna istifadə edir. Ancaq Rusiya ölkə və siyasi sistem olaraq cəlbedici deyil ki, hansısa Avropa ölkəsində Rusiyaya meyilli rejim hakimiyyətə gəlsin. Yeganə yol Ukraynada olduğu kimi, birbaşa işğaldır. Bu isə Şərqi Avropanın NATO üzvü olan ölkələrində mümkün deyil. Çünki orada NATO hərbi gücü var. Üstəlik, əhali Rusiyanı sevmir, yumşaq desək. Bu mənada Solovyovun fikirləri daha çox daxili auditoriya və xaricdəki dostlarını ruhlandırmaq üçündür. Ancaq onu da nəzərə almaq lazımdır ki, Ukraynada Rusiya istəyinə çatsa, o zaman digər ölkələrlə bağlı tələbləri olacaq. Bu mənada Ukraynadakı müharibədən çox şey asılıdır".
Kənan Novruzov: “Rusiyanın Polşaya qədər irəliləməsi nəzəri baxımdan mümkündür”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Putini dayandırmağın mümkün olacağını proqnozlaşdırır: “Dediyiniz kimi, Rusiyanın Polşaya qədər irəliləməsi nəzəri baxımdan mümkündür. Bu cür dəlisov hərəkət Rusiyanın hegemon xarici siyasətinə, dövlət başçısı Vladimir Putinin şəxsi xarakterinə də uyğundur. Kreml rəhbərliyi hazırda ”kamikadzedir": məhv etsə, məhv olacaq. Bunu Rusiya özü də bilir. Moskvada yaxşı başa düşürlər ki, Rusiya hazırkı savaşdan uduşlu çıxa bilməz. Ən azından itkilər uduşlardan çox olacaq. Odur ki, “islanmışın yağışdan qorxusu olmaz” prinsipi ilə üçüncü dünya müharibəsini başlada bilər. Amma mən buna inanmıram. Putin ağılsız siyasətçi deyil. Reallıqları anlayır. Rusiya iqtisadiyyatı getdikcə zəifləyir. Halbuki dövlət hələ sanksiyaların “nəfəsini hiss edir”. Və bu təsirlər, təzyiqlər getdikcə artacaq. Bildiyiniz kimi, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada səfərdədir. Sonra o, Ukraynaya gedəcək. Türkiyə vasitəçilikdə israrlıdır. Fikrimcə, Antalya Diplomatiya Forumunun uğursuz keçməyinə və Qərbin məkrli planına rəğmən Türkiyə məqsədinə çatacaq, daimi atəşkəsə nail ola biləcək. Bu həftə prezidentlər səviyyəsində görüşün gündəmə gələcəyi istisna deyil. Yəni məncə, Putini dayandırmaq, başqa sözlə, üçüncü dünya müharibəsinin qarşısını almaq mümkün olacaq. Əks halda, planeti çətin dövr gözləyir"./Musavat