İsveçdə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis olunub

19:37 13 May 2023

İsveçin paytaxtı Stokholm şəhərində, Radisson otelində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təsis toplantısı keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Media və Kommunikasiya Departamenti məlumat yayıb.

toplantıda dünyanın bir çox ölkələrindən - İsveç, Almaniya, Türkiyə, Niderland, Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna və Polşanın tanınmış azərbaycanlı diaspor rəhbərləri, iş adamları, ictimai xadimlər iştirak edib.

Toplantıya, həmçinin Avstriya, BƏƏ, Monteneqro, Qazaxıstan, Almaniya, Kanada, Gürcüstan, Estoniya, ABŞ və Seneqaldan olan azərbaycanlı diaspor nümayəndələri və iş adamları onlayn qoşularaq layihədə iştiraklarını təsdiq ediblər.

Toplantıda Fondun 21 nəfərdən ibarət İdarə Heyəti formalaşıb, Katiblik institutu, Layihələr, Media və kommunikasiya departamentləri təsis edilib. Azərbaycan və ingilis dillərində internet resursun, sosial şəbəkələrdə (facebook, insagram, tvitter, teleqram) rəsmi səhifələrin yaradılması qərara alınıb, Fondun loqosu təsdiqlənib.

Təsis toplantısında Hikmət Cavadov DABF-nun Baş katibi seçilib.

O, qeyd edib ki, ilkin olaraq yaxın bir ay ərzində Azərbaycanda fəaliyyət göstərən seçilmiş gənc jurnalistlərin Avropanın inkişaf etmiş ölkələrində 6 ay və yaxud da 1 illik təcrübə keçmələri ilə üçün konkret addımlar atılacaq. Məqsəd ölkəmizə qarşı aparılan informasiya savaşında Azərbaycanın haqlı mövqeyini peşəkar səviyyədə müdafiə etməkdir.

“Seçiləcək jurnalistlərin təhsil və yaşam xərcləri Fond tərəfindən qarşılanacaq”, - Baş katib qeyd edib.

Toplantıda, həmçinin Azərbaycana maraq göstərən xarici tələbələrin, blogerlərin və jurnalistlərin, tanınmış ictimai-siyasi xadimlərin, parlamentarilərin ölkəmizə səfərlərinin təşkili müzakirə edilib.

Təəssüflə qeyd olunub ki, xaricdə yaşayan azərbaycanlıların sözdə deyil, əməldə təşkilatlanması və konkret layihələrlə çıxış etmələri istiqamətində ciddi boşluqlar var. Xüsusən də indiki zamanda erməni vəhşilikləri, 44 günlük Vətən müharibəsinin səbəbləri və nəticələri təkcə Azərbaycan dövləti deyil, həm də diaspor təşkilatları tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

Əlavə olunub ki, Fond fəaliyyəti dövründə Azərbaycan dövlətinin diaspor siyasətini əsas götürəcək.

Toplantıda, həmçinin dünyada yaşayan azərbaycanlıların, xüsusən də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın pozulmuş hüquqlarının beynəlxalq ictimaiyyətə çatdırıması yolları müzakirə olunub.

Toplantıda növbəti tədbirin cari ilin noyabrında Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilməsi qərara alınıb./ Report



Xəbər xətti