Türkiyənin seçki sürprizləri: Ərdoğan nələr etdi?

13:15 15 May 2023

14 mayda baş tutan prezident və parlament seçkilərinin nəticələri bir çoxları üçün sözün hər mənasında sürpriz oldu.

Qərbə bağlı olan sorğu şirkətləri, sivil toplumlar Kılıçdaroğlunun ilk turdaca qalib gələcəyi, ən pis halda isə 49%-in üstündə bir rəqəmlə ikinci tura adlayacağını elan etmişdilər. Hakimiyyətə yaxın sorğu mərkəzlərinin hesabatları və təqdim etdiyi nəticələri isə “təbliğat” adlandırırdılar.

Türkiyənin ayrı-ayrı şəhərlərində, bu şəhərlərin ayrı-ayrı məhəllələrində “kəsintisiz küçə sorğuları” baş alıb gedirdi: birmənalı olaraq Kılıçdaroğlu ilk turdaca qalib göstərilirdi.

Etiraf edək ki, əsas media qurumları iqtidar və müxalifət arasında bölünsə də, müxalifətin sosial şəbəkələrdə təbliğatı və aktivliyi daha üstün idi. Bu da ümumilikdə seçkinin nəticələri haqda təsəvvürlərə ciddi təsir edirdi.

İş o yerə çatmışdı ki, Ərdoğana dəstək verən Azərbaycan dövləti və xalqına qarşı da müxalifət ən sərt aqressiyanı nümayiş etdirirdi. Çünki Qərbdən ciddi təlimat almışdılar. Qərbin ən güclü ölkələri – başda ABŞ, Fransa və Almaniya olmaqla, müxalifətə ciddi dəstək verirdi və bunu gizlətmirdilər də. İş o yerə çatdı ki, İstanbuldakı Almaniya konsulluğu seçkilərin nəticələrinin elan olunmasından sonra küçələrdə qarşıdurma olacağını elan edib, Türkiyədə olan vətəndaşlarına gecə vaxtı evdə qalmağa çağırış etmişdi.

Hesablamalar bu idi: Kılıçdaroğlu yüksək səslə qalib gələcək, nəticədə küçələrdə xaos başlayacaq...

Ərdoğan və Cümhur İttifaqı nələr etdi?

Ərdoğan komandasının ən tanınmış simalarını deputatlığa namizəd olaraq irəli sürdü: Mövlud Çavuşoğlu, Süleyman Soylu, Fuad Oqtay, Numan Qurtulmuş, Hulusi Akar da daxil olmaqla, ölkədə çox böyük nüfuz sahibi olan şəxslər TBMM-də çoxluğu təmin etməyə şəxsən girişdilər.

Bu, olduqca mükəmməl taktika idi. Hazırkı Türkiyə idarəetməsi prezident üsul-idarəsi olsa da, parlamentin çox böyük səlahiyyəti var. Başqa sözlə desək, Türkiyədə prezident və parlament idarəetmənin faktiki olaraq iki qolu kimi çıxış edir.

Ərdoğan ehtiyatını görmüşdü və seçkinin ən pis nəticəsinə hazırlaşmışdı: əgər prezidentliyi uduzmaq ehtimalı yaranardısa, TBMM-dəki çoxluqla hər şeyi həll edəcəkdi. Hər birinin veto hüququ olan 6 vitse-prezidentlə parlamentdəki Cümhur İttifaqı çoxluğu qarşısında isə Kamal Kılıçdaroğlu sadəcə, işləyə bilməyəcək, vəd etdiyi konstitusiya və xarici siyasətlə bağlı ciddi dəyişikliklərə gedə bilməyəcəkdi.

Bu plan dərhal öz təsirini göstərdi, hətta müxalifətin keçirdiyi sosioloji sorğularda belə Cümhur İttifaqının parlament çoxluğu olacağı təsdiqlənirdi.

Ərdoğanın ikinci mühüm addımı seçki texnologiyası oldu: müxalifət sosial şəbəkələrdə aktivliyi maksimuma çatdırırkən, Cümhur İttifaqının bütün tanınmış simaları, millət vəkilləri kənd-kənd gəzməyə, insanlarla birbaşa görüşə başladılar.

Seçkinin süprizləri

14 may parlament seçkisinin ən böyük sürprizlərindən birini məhz MHP etdi. MHP ilə bağlı bütün gözləntilər 6 faiz civarında olduğu halda, Dövlət Baxçalının partiyası 10 faizin üstündə səs almaqla, inanılmaz uğura imza atdı.

Əksinə, millətçilərin “Altılı masa”da olan gücü – Maral Akşənərin İYİ-si gözləniləndən daha bərbad nəticə ortaya qoydu və MHP-yə uduzdu. Bunun bir səbəbi də millətçi kəsimin Maral Akşənərin HDP-çilərlə birgə olmasını qəbul etməməsi idi.

Cümhur İttifaqı indiki rəqəmlərlə 600 millət vəkili olan parlamentin 321-ni əldə edib. Faktiki olaraq parlament çoxluğu artıq Ərdoğan-Baxçalı ittifaqının nəzarətindədir.

Prezident seçkilərində nə baş verdi?

Ərdoğan yalnız “Altılı masa” (+HDP) qarşı deyil, bütün Qərb güclərinə qarşı dayandığının fərqində idi və bunu seçki təbliğatında da ustalıqla nümayiş etdirdi. İstanbul, Ankara, İzmir kimi CHP-nin bələdiyyə başçısı olduğu iri şəhərlərdə Kamal Kılıçdaroğluna çox az səs faizi ilə uduzması əslində böyük qələbə sayıla bilərdi. K.Kılıçdaroğlu güvəndiyi şəhərlərdən umduğu səsləri ala bilmədi. İş o yerə çatdı ki, Əkrəm İmamoğlunun özünün qeydiyyatda olduğu seçki məntəqəsində Ərdoğan böyük hesabla qalib ayrıldı.

Seçkilər ikinci tura qalsa da, birinci turda 2,3 milyon səslə rəqibini geridə qoyan Ərdoğan bunlara nail oldu:

- Müxalifət daxilində və xüsusilə müxalif seçicilər içində böyük ruh düşkünlüyü yaşanır. Bu, ötən gün Ərdoğanın balkon çıxışı etməsi, Kılıçdaroğlunun isə yalnız media mənsubları önündə qısa açıqlamasından da göründü.

Ərdoğan gecə 03:00 radələrində balkon çıxışını etməsinin əsası vardı: Cümhur İttifaqı parlament seçkisində qalib çıxmışdı, prezidentlik yarışında isə rəqibini ciddi üstələmişdi və birinci turda məsələni bitirmək üçün Ərdoğana yalnız 0,6% civarında səs lazım olacaqdı.

Parlamenti uduzan, prezidentlik yarışında rəqibindən ciddi fərqlə geri qalan Kılıçdaroğlu balkon çıxışı edə də bilməzdi: çünki nəticələri bilən tərəfdarları CHP-nin mərkəzi qərargahı önündən dağılışıdrılar.

Kamal Kılıçdaroğlu “Altılı masa”nın digər liderləri ilə media önünə çıxarkən həm özünün, həm də müttəfiqlərinin həddən artıq üzgün olduğu görünürdü. Bu, məğlubiyyətdən sonra komandanın dağıldığının ilk əlamətləri idi.

İş o yerə çatdı ki, müxalif media mənsubları da CHP-nin ünvanına ittihamlar səsləndirməkdən çəkinmədilər.

Və ən maraqlı məqam:

Prezident seçilməzdən öncə Türkiyədə hakimiyyət dəyişikliyini “prioritet” elan edən Bayden Türkiyədəki seçkilərlə bağlı “layiq olanın qazanmasını” istədiyini bildirdi.

Bu, artıq stavka etdiyi komandanın uduzduğu haqda kəşfiyyat məlumatı olan ABŞ liderinin Ərdoğanla növbəti dönəmdə işləmək üçün “əl yeri” qoyması idi.

Kılıçdaroğlunu dəstəkləyən digər ölkələrdən isə ümumiyyətlə, səs-soraq yoxdur.

Əvəzində:

Birmənalı Ərdoğanı dəstəkləməklə olduqca ciddi mövqe sərgiləyən İlham Əliyev gecə ilə Ərdoğana zəng edib, ilk təbrikini çatdırdı.

Bu, həm də İlham Əliyevin xarici siyasətdə atdığı addımlarda nə qədər mükəmməl, ölçü-biçili davrandığını təsdiqi idi; eyni zamanda, bu, həm də Əliyevin siyasi stavkasının uğurlu nəticəsi idi!

Daha bir reaksiya əlbəttə ki, Rusiyadan gəldi. Qərbin susqunluğu fonunda Rusiya Türkiyədə demokratiyanın yüksək nümunəsinin nümayiş etdirildiyini açıqladı.

Bu, həm də Türkiyəni Kılıçdaroğlu simasında ələ keçirməklə, Ankaranı Rusiyaya qarşı yanına almaq istəyən Qərbin hədəfinə çatmamasından Moskvanın sevinci kimi də qəbul edilə bilər.

28 mayda nə baş verəcək?

Artıq Sinan Oğanla danışıqlar başlayıb – ötən gecə AKP-nin sədr müavini Binəli Yıldırım seçkilərdə sürpriz nəticə göstərən - 5,2 faiz səs toplayan ATA İttifaqının namizədinə zəng etdi.

Sinan Oğanın “terrora dəstək verənlərlə olmayacağıq” açıqlaması da onun MHP-nin dəstək verdiyi Ərdoğana meyilləndiyini deməyə əsas verir. Mümkündür ki, bunun qarşılığlında Cümhur İttifaqı ATA İttifaqını parlamentə daxil etsin.

Əsas məsələ Sinan Oğanın qarşı tərəfə dəstək verməməsini təmin etməkdir. Sinan Oğan bitərəf qalsa belə, bu, Cümhur İttifaqının qələbəsi üçün kifayətdir.

Çünki seçkilərin birinci turundan böyük ruh yüksəkliyi ilə çıxan Cümhur İttifaqından fərqli olaraq, “Altılı masa”da ciddi xaos yaşanır. Hətta Əkrəm İmamoğlu və Mənsur Yavaş kimi siyasilər də Kılıçdaroğlunun ilk turda Ərdoğana böyük fərqlə uduzmasını qəbullanıblar, tərəfdarları isə xəyal qırıqlığına uğrayıblar.

Seçkilərin birinci turunda rekord qırıldı, 93 faizin üstündə seçici aktivliyi oldu.

Gözləmək olar ki, ikinci turda Kılıçdaroğlu tərəfdarlarının ruh düşkünlüyü səbəbindən aktivlik aşağı düşsün. Bu isə Ərdoğanın qələbəsini qətiləşdirəcək.



Xəbər xətti