Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və belaruslu həmkarı İqor Petrişenkonun sədrliyi ilə iqtisadi-ticarət sahəsi üzrə Azərbaycan - Belarus Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirilib.
Sitat.info xəbər verir ki, iclasda iki ölkə lideri İlham Əliyev və Aleksandr Lukaşenko arasında aktiv siyasi dialoqun Azərbaycan-Belarus əməkdaşlığının bütün spektri üzrə yüksək dinamikanı təmin etdiyi qeyd olunub.
İki ölkə arasında mövcud ticarət dövriyyəsinin ölkələrimizin iqtisadi potensialını tam əks etdirmədiyi və effektiv yolların tapılması ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilə biləcəyinə inam ifadə olunub.
Hökumətlərarası Komissiyanın Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırıldığı haqda yekdil fikirdə olduğu vurğulanıb.
Ölkəmizdə Belarus iş adamlarının 80 şirkət qeydiyyatdan keçirdiyi və davamlı olaraq Belarus şirkətlərinin diler şəbəkələrinin genişlənməsi haqda faktlar elan edilib.
Eyni zamanda Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına öz töfhələrini verdiyi qeyd edilib. Belarus investorları Ələt azad iqtisadi zonasına dəvət olunub.
Azərbaycanın Belarusla aqrar-sənaye sektorunda əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.
Baş Nazirin müavini Əli Əhmədov ölkəmizin Belarus istehsalı məhsulların Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə Türkiyəyə daşınması imkanlarını nəzərdə keçirməyə hazır olduğunu deyib.
Kimya sənayesi, bərpa edilən enerji, nəqliyyat-logistika, mədəni-humanitar, elm-təhsil, səhiyyə, əczaçılıq sahəsində əməkdaşlığın dərinləşdirilməsinin prespektivləri müzakirə olundu.
Azərbaycan Baş nazirinin müavini Ümumilli Lider Heydər Əliyev 100 illik yubiley tədbirlərinin Belarusda keçirilməsinə göstərdikləri dəstəyə görə Belarusun Baş nazirinin müavininə təşəkkürünü bildirib.
Belaruslu baş nazirin müavini İqor Petrişenko ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək diqqətə görə Azərbaycan tərəfinə təşəkkür edib. Belarus hökümətinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və əlaqələrin dərinləşdirilməsi üçün lazımi tədbirlərin görülməsinə hazır olduqlarını vurğulayıb.
Hökumətlərarası Komissiyasının üzvləri Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Belarusun Sənaye nazirinin müavini Aleksandr Yefimov, Belarusun Kənd Təssərüfatı nazirinin müavini İvan Smilqin, Belarusun Standartlaşma üzrə komitənin birinci müavini Yelena Morqunova, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev və Belarusun Azərbaycandadakı səfiri Andrey Rovkov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi və imkanların dəyərləndirilməsi istiqamətində məruzlərlərlə çıxış ediblər.
Hökumətlərarası Komissiyasının növbəti iclasının Belarusda keçirilməsi haqda qərar qəbul olunub.
İclasın sonunda Belarusun İdman və Turizm Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman nazirliyi arasında 2023-2025-ci illərdə bədən tərbiyyəsi və idman sahəsində əməkdaşlığa dair proqram imzalanıb./ Report