İslam İnkişaf Bankı (ISDB) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək layihələrdə iştirak etməkdə maraqlıdır.
Sitat.info xəbər verir ki, bu barədə Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən görüşdə bildirib.
Əl-Casir Azərbaycanın Bankın fəaliyyətinə böyük töhfə verdiyini, əməkdaşlığın uğurlu tarixə malik olduğunu bildirib.ISDB-inin prezidenti həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsində Bankın maraqlı olduğunu bildirib.
İqtisadiyyat nazirinin birinci müavini Azərbaycanda Bankla əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb, ISDB-lə tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərini bildirib.
İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) rəhbəri və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş direktoru vəzifələrini icra edən Hani Salem Sonbol ilə keçirilən görüşdə tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı istiqamətində ITFC ilə əməkdaşlıq müzakirə edilib. Eləcə də Azərbaycanın ixrac potensialının gücləndirilməsində və islam maliyyəsinin tətbiqində Korporasiyanın rolunu müzakirə edib, bu istiqamətdə həyata keçiriləcək növbəti birgə addımlar nəzərdən keçirilib.
Qeyd edək ki, Ciddədə ISDB-inin Müdirlər Şurasının 48-ci İllik Toplantısı keçirilib. İllik toplantı zamanı üzv ölkələrdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq imkanlarının araşdırılması, insan kapitalının inkişafı, dayanıqlı, yaşıl və davamlı infrastrukturun qurulması kimi aktual məsələlər müzakirə edilib.