Mayın 14-də Türkiyədə keçirilən seçkilər bütün dünyanın diqqət mərkəzində idi.
Sitat.info xəbər verir ki, Qərb mediası seçkiyə qədər hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı kəskin tənqid edir, müxalifətin namizədi Kamal Kılıçdaroğluna böyük dəstək verirdi.
Amma Ərdoğanın partiyasının parlament seçkilərində əzici üstünlüklə qalib gəlməsi, prezident seçkilərində isə böyük səs çoxluğu ilə öndə olması Qərb mətbuatının da ritorikasını dəyişib. Necə deyərlər, Qərb mətbuatı “U dönüşü” edib.
Xəbər verdiyimiz kimi, əvvəlcə seçkilərə qədər Ərdoğan haqqında “qara piar” kampaniyasında öndə olan “The Economist” “Ərdoğan Kılıçdaroğluna “qol vurdu" manşetini gündəmə gətirdi.
Ardınca “Financial Times” da “U dönüşü” etdi. Nəşr Ərdoğanın əzici üstünlüklə parlament seçkilərini qazandığını və ikinci tur prezident seçkilərində əsas favorti olduğunu yazdı.
"Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gəlmək yolundadır" yazan FT Ərdoğanın Kılıçdaroğlunu geridə qoyduğuna heç bir şübhənin olmadığını vurğuladı. Nəşrin təhlilində qeyd olunur ki, prezident ikinci turda bəlli olacaq, amma Ərdoğan “açıq favorit”dir.
Daha əvvəl “Kılıçdaroğlu öndədir” sözləri ilə “7-li” koalisiyanın maliyyələşdirdiyi anketçilərin şişirdilmiş rəy sorğularına xidmət edən “Financial Times”, “Ərdoğan bütün bu sorğuları alt-üst etdi” ifadəsinə yer verib.
“Financial Times” Kılıçdaroğlunun sözünü dəyişdiyini də vurğulayıb. “Kılıçdaroğlu seçki kampaniyasında “Birinci turda bitirəcəyik” şüarından istifadə edirdisə, indi də “İkinci turda mütləq qalib gələcəyik” deyir”,- nəşr yazıb. “Financial Times” Qərbin Kılıçdaroğluna verdiyi dəstəyin geri çəkilməyə başladığını da xüsusi vurğulayıb./ Publika.az