Ermənistan KTMT-dən çıxır? - Vəziyyət mürəkkəbdir

14:23 16 May 2023

Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil.

Sitat.info xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib. O, parlamentdə jurnalistlərə Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq məsələsi barədə müzakirəsini şərh edib.

Nazir müavini bildirib ki, Ermənistanın KTMT-dən çıxması məsələsi əvvəllər müzakirə olunsa da, indi gündəmdə deyil.

Səfəryan qeyd edib ki, məhz bu məsələ müzakirə olunanda Qriqoryanın özündən cavab almaq daha düzgün olardı. Amma ola bilsin ki, bu, ötən ilin sentyabr döyüşlərindən sonra olub. Sonra bunu etməmək və birlikdə işləmək qərarına gəliblər. Nazir müavini bildirib ki, Ermənistan tərəfi KTMT sammitində öz suallarını təqdim edib.

Onun sözlərinə görə, erməni tərəfi sammitdəki müzakirələrin hansısa nəticəyə gətirib çıxaracağına ümid edirdi. Lakin bundan sonra işin davam etdirilməsi qərara alınıb.

"İş davam edir. Daha sonra Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyanatla əlaqədar müzakirələr olacaq və bu barədə məlumat verəcəyik. Vəziyyət mürəkkəbdir və biz KTMT-nin üzvü olmaqla yanaşı, öhdəliklərimiz də var. Ümid edirik ki, bizim işimiz müəyyən nəticələrə gətirib çıxaracaq”, - deyə o bildirib.

Gələcəkdə Təşkilatdan çıxmaq məsələsinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı suala nazir müavini cavab verib ki, hər şey konkret vəziyyətdən asılıdır.

"KTMT-nin təklifində silah tədarükü də varmı?" sualını Səfəryan bu cür cavablandırıb: “Mən indi bu məsələyə münasibət bildirmək istəməzdim”.

Xatırladaq ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşündə demişdi ki, İrəvan 2021-ci ildə respublikanın sərhədində eskalasiya zamanı KTMT-nin mövqeyini emosiyalar olmadan qəbul etməli və təhlil etməlidir. Onun sözlərinə görə, 2021-2022-ci illərdə Ermənistan KTMT-nin fəaliyyətsizliyini hiss edib.



Xəbər xətti