"ABŞ kəşfiyyatı Rusiyanın Ukraynadakı itkilərini açıqlayıb.
Kəşfiyyatdan bildirilib ki, ən təmkinli hesablamalara görə, 20 gün ərzində Rusiya ordusunun 7 mindən çox hərbçisi öldürülüb. Yaralıların sayı 14-21 min arasındadır".
SİTAT.İNFO xəbər verir ki, bu məlumatı politoloq Şahin Cəfərli paylaşıb.
O itkilərin daha çox olduğunu istina etməyib: "Mən şəxsən izlədiyim videolar və öyrəndiyim məlumatlar əsasında Ukraynanın açıqladığı rəqəmlərin həqiqətə daha yaxın olduğunu düşünürəm. Hesab edək ki, ABŞ-ın məlumatları daha səhihdir. Yenə də bu rəqəmlər (ən azı 7 min ölü və minimum 14 min, maksimum 21 min yaralı) Rusiyanın qısa müddət ərzində çox ağır itkilərə məruz qaldığını göstərir. Müharibənin 3 həftəsi bitmədən 4 generalın öldürülməsi də kifayət qədər yüksək rəqəmdir".
S.Cəfərli vurğuladı ki, bu Rusiyanın əsas hərbi qüvvələri ilə apardığı müharibənin nəticəsidir: "Bəzi rusiyapərəst soydaşlarımız Rusiyanın hələ əsas qüvvələrini və silahlarını döyüşə daxil etmədiyini deyirlər. Belə deyil. Rusiyanın döyüş qabiliyyətli elit hərbi hissələrinin hamısı Ukraynaya yeridilib və bunların bir çoxu döyüşlərdə ciddi zərbələr alıb. Rusiya kütləvi qırğın silahları istisna olmaqla, bütün hərbi arsenalından istifadə edib və edir".
SİTAT.İNFO