Ukraynalılar Krım və Donbasdan imtina edirmi? - Sorğunun nəticələri

15:30 17 Mart 2022

Ukraynanın “Reytinq” sosioloji qrupu Rusiyanın ölkəyə hücumuna əhalinin münasibətini araşdırıb. Novator.az-ın məlumatına görə, 12-13 martda keçirilmiş sorğu ölkənin əksər bölgəsini əhatə edib, sualları 18 yaşa çatmış 1200 nəfər telefonla cavablandırıb.

Respondentlərin 76%-i öz dövlətinin təcavüz qarşısındakı kursunu dəstəklədiyini deyib, 15%-i kursu yanlış sayıb.

Respondentlərin 56%-nin fikrincə, fevralın 24-də başlayan indiki müharibədə Rusiyanın əsas məqsədi Ukrayna xalqını tamamilə məhv etməkdir.

Respondentlərin yarısı bildirib ki, Rusiya Ukraynanı işğal edib özünə birləşdirmək istəyir.

Rəyi soruşulanların 15-17%-i qeyd edib ki, Rusiyanın əsas məqsədi Ukraynanın siyasi kursunu dəyişmək və ya Ukraynada NATO bazalarının yerləşdirilməsinin qarşısını almaqdır.

Sorğu iştirakçılarının 10%-i Ukraynanın hərbi infrastrukturunun məhvi, 5%-i NATO-nu müharibəyə sürükləmək məqsədi güdüldüyünü vurğulayıb.

Rusiyanın müharibəyə Ukraynada yaşayan rusdilli insanları qorumaq məqsədilə başladığı fikrini respondentlərin 2%-i dəstəkləyib.

“Reytinq”in sorğusu göstərib ki, ukraynalıların böyük əksəriyyəti Krım yarımadasından və Donbas bölgəsindən imtina etmək niyyətində deyil. Respondentlərin 86%-i bildirib ki, ölkə Donbas bölgəsinin işğal olunmuş ərazilərini geri qaytarmaq üçün əlindən gələni etməlidir. Krım yarımadasına münasibətdə respondentlərin 80%-i bu mövqedə olub.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.



Xəbər xətti