Qərb mediasından etiraf: Ərdoğanın bu səslərə ehtiyacı olmayacaq

15:04 18 May 2023

Türkiyədəki seçkilər dünya mediasının manşetindən düşmür.

Sitat.info xəbər verir ki, hal-hazırda dünya mediasının əsas diqqəti Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin 2-ci turuna yönəlib.

Demək olar ki, hər gün müxtəlif KİV-lər Türkiyə seçkilərini müzakirə edir və ikinci turda nələrin baş verə biləcəyini proqnozlaşdırmağa çalışır.

Onlardan bəzilərini oxuculara təqdim edirik:

Məsələn, İngiltərənin "Guardian Weekly" jurnalı etiraf kimi açıqlamalar verib.

Belə ki, sözügedən xəbər jurnalı əvvəlcə üz qabığında prezident Rəcəb Tayyib Ərdoğanın şəkillərindən istifadə edərək, "Görəsən, Ərdoğanın siyasi karyerasının sonu çatdımı?!" başlıqlı xəbərlər hazırlamağı planlaşdırıb. Amma ilk turdakı nəticələrdən sonra "Ərdoğanın 20 illik hakimiyyətinin uzanacağı görünür" tipli yazılara yer verib.

ABŞ-ın ən böyük qəzetlərindən biri olan “New York Times” isə Ərdoğanın ikinci turda qalib gələcəyini və Sinan Oğanın tərəfdarlarının da onu dəstəkləyəcəyini yazır.

Fransanın "Le Monde" qəzetinin Türkiyə seçkiləri ilə bağlı dərc etdiyi təhlil də diqqət çəkəndir. "Ərdoğan ilk turda seçilməsə belə, rəqibindən daha yaxşı vəziyyətdədir. Bununla yanaşı, Cümhur İttifaqının üzvləri də parlamentdə yetərincə yer qazanıblar", - Fransa qəzetinin hazırladığı analitik yazıda deyilir.

CNN Yunanıstan isə "Kılıçdaroğlu onu məyus edən məğlubiyyətdən sonra yenidən seçki kampaniyasına başlayıb" başlıqlı xəbər ilə diqqət çəkməyi bacarıb.

Sinan Oğanın hansı tərəfi dəstəkləyəcəyini hələ açıqlamadığını qeyd edən CNN Yunanıstan, "Rəcəb Tayyib Ərdoğanın bu səslərə ehtiyacı olmayacaq. O, ilk turda qələbəni yarım xaldan da az fərqlə əldən verdi, üstəlik, Cümhur İttifaqı artıq parlamentdə çoxluğu təmin edib" kimi ifadələrə yer ayırıb.

ABŞ-ın “Vaşinqton Post” qəzeti isə “Ərdoğan Türkiyəni daha da qüdrətləndirəcəyinə söz verərək qələbə qazandı” başlıqlı təhlilində Ərdoğanın ikinci turda qalib gəlmə ehtimalının çox olduğunu bildirib və Türkiyədə seçkilərin şəffaf keçirildiyini yazıb./ Publika.az



Xəbər xətti