İrəvan axır ki, bunu qəbul etdi – Qərb diplomatı

13:53 20 May 2023

Ermənistan və Azərbaycan arasında diplomatiya gücləndikcə və hər iki tərəf bəzi kritik məsələlərdə razılığa gəlməyə yaxın göründükcə, Qarabağıdakı etnik erməni əhalinin taleyi böyük fikir ayrılığı nöqtəsi olaraq davam edir.

Sitat.info xəbər verir ki, bu barədə “Avrasiyanet” (Eurasianet) saytında dərc olunan məqalədə bildirilib.

Məqalədə Avropa Birliyinin Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 14-də Brüssel görüşünə toxunulub:

“Görüşdən sonra Mişelin mətbuata verdiyi açıqlamada bir rəqəm xüsusi diqqəti cəlb etdi: Ermənistan və Azərbaycanın bir-birlərinin ərazi bütövlüyünü tanımağa razı olması kontekstində Azərbaycanın 86,6 min kvadrat kilometrə malik ərazisinə istinad edilib.

Bu, Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyir.

Brüsseldəki danışıqlardan xəbərdar olan qərbli diplomatlardan biri isə anonimlik şərti ilə sayta açıqlamasında deyib: “Ermənistan beynəlxalq ictimaiyyətin hər zaman qəbul etdiyi məsələni axır ki, qəbul etdi: Qarabağ Azərbaycanın bir hissəsi olub, var və gələcəkdə də olacaq. Yəni istənilən halda Qarabağ Azərbaycanın tərkibində qalacaq”.

Məqalədə bildirilib ki, buna baxmayaraq, İrəvan Bakı ilə sülh sazişinin Qarabağ ermənilərinin hansısa beynəlxalq mexanizmlə qorunan hüquq və təhlükəsizliyinə təminat verməsini istəyir:

“Azərbaycan da öz növbəsində Qarabağda baş verənlərin heç bir beynəlxalq müdaxiləyə məruz qalmayan sırf daxili məsələ olduğunu bildirir.

Mişel açıqlamasında deyib ki, mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, bu əhalinin (Qarabağdakı ermənilərin – red.) hüquq və təhlükəsizliyini təmin etmək məqsədi ilə müsbət gündəm hazırlamaqda iştirak etməyə təşviq etdim. 

Azərbaycan hələ müsbət gündəmin inkişafına böyük maraq nümayiş etdirməyib. Azərbaycan rəsmiləri açıq bəyanatlarında ermənilərin mədəni, təhsil, dil və ya hər hansı digər hüquqlarının necə qorunacağına dair heç bir fikir təqdim etməyiblər, bunun əvəzinə “al, ya da get” ultimatumları irəli sürürlər.

“Biz dəfələrlə bəyan etmişik ki, heç bir ölkə ilə daxili işlərimizi müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir”, - Əliyev aprelin 18-də müsahibəsində deyib: “Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da yaşamağa başqa yer tapmalıdırlar”.

Sayta danışan diplomat isə Bakı təkliflərini, zəmanətlərini təqdim etmədiyini vurğulayıb.

Məqalədə qeyd edilib ki, Brüssel görüşündən sonra Azərbaycan tərəfi açıqlamasında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinə toxunmayıb, əvəzində Ermənistanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıması, nəqliyyat şəbəkələri və sərhədlərin delimitasiyası kimi digər məsələlərdə əldə edilmiş irəliləyişi vurğulayıb.

Əksinə, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 15-də Aİ-nin Ermənistandakı səfirinin Mişelin bəyanatına verdiyi şərhə etiraz edərək bəyanat yayıb. Bildirilib ki, səfir Avropa Şurasının prezidentindən bir addım da irəli gedərək, “Qarabağda erməni əhalinin hüquq və təhlükəsizliyi təmin edilməlidir” və bunun üçün “beynəlxalq mexanizm” yaradılmalıdır deməklə, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edib ki, bu da qəbuledilməzdir.

Bəyanatda deyilir: “Azərbaycanın yuxarıda qeyd olunan istiqamətdə erməni sakinləri ilə dialoq qurmaq səylərinə mane olmamalı, ərazi bütövlüyümüzə və suverenliyimizə qərəzli münasibət dayandırılmalıdır”.



Xəbər xətti