Üç gün əvvəl öldürülən dünya çempionu Zaur Yusifov 2019-cu ildə qətlə yetirilən “Emin 444” ləqəbli Emin Səfərovun qətlində şübhəli bilinərək həbs edilmişdi. 2 ilə yaxın davam edən istintaq və məhkəmə dövründən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Zaur Yusifova bəraət hökmü verilmişdi və məhkəmə zalından azadlığa buraxılmışdı.
Amma bu azadlıq ona baha başa gəlib. “Emin 444”ün xalası oğlu, 2000-ci il təvəllüdlü Samir Şirəliyev martın 14-də Zaur Yusifovu qisas məqsədilə öldürüb.
Maraqlıdır, öldürən dünya çempionu kriminal avtoritetin qətli ilə bağlı məhkəmədə nələr danışmışdı?
Lent.az Zaur Yusifovun “Emin 444”ün qətli ilə bağlı verdiyi ifadəni əldə edib.
İstintaqa ifadə verən Zaur Yusifov ona ünvanlanan ittihamla özünü təqsirli bilməyib. O, ilk dəfə istintaqa ifadə verməkdən imtina edib. Bildirib ki, Binəqədi Rayon Polis İdarəsində Həsən Tağıyevə verilən amansız işgəncə nəticəsində onun əleyhinə ifadə alınıb.
Daha sonra ifadə verən Zaur Yusifov bildirib ki, Emini qətlə yetirən Həsən Tağıyevi uzun illərdir tanıyır:
“Həsən uzun müddət məndən kikboks üzrə dərs alıb. Onunla münasibətim həmişə yaxşı olub. Tez-tez çayxanama gəlirdi. Emini 1 ildən artıq olar ki, qardaşı Elçinə görə tanımışam. Belə ki, Elçin uzun illər yaşadığım evin qarşısındakı beşmərtəbəli binada yaşayırdı. Elçinlə münasibətim həmişə yaxşı olub. Emin isə uzun müddət məhkumluq həyatı yaşayıb, həbsdən çıxıb evimizin yaxınlığında binada qalıb. Həmin müddət ərzində Emini tanıdım, normal münasibətimiz olub. Onun toyunda isə qardaşım Zamin iştirak edib. Emin Binəqədi Polis İdarəsində saxlanılan zaman Həsən vasitəsi ilə bir neçə dəfə yemək, 200 manat pul göndərmişəm. Həbsdən çıxandan sonra 2019-cu ilin aprel ayının sonlarında bir dəfə polis sahə müvəkkili mənə zəng edib Eminin telefon nömrəsini istədi. Mən də Elçinə zəng edib Eminin nömrəsini polisin istədiyini dedim. Elçin də Eminin nömrəsini verdi. Bu zaman Emin özü mənə zəng edib kimin axtardığını soruşdu, mən də ona 7-ci PB-nin müavinin onu ev dustaqlığına görə axtardığını dedim. Məsləhət gördüm ki, zəng edib müavinlə mehriban danışsın. Təxminən 1 saat sonra “Nargilə” çay evində olanda Emin gəlib yaxınlıqdakı “moyka”da avtomobilini yuduzdurdu, mənə qışqıraraq “Həci təksən? Gəlim yanına dərdləşək” dedi. Özüm “moyka”nın yanına gəldim, onunla ayaqüstü söhbət etdik. Mənə müavinlə görüşdüyünü dedi. Həm də bildirdi ki, məhəllədən kimsə onu polisə satır. 2 gün əvvəl onu polislər saxlamışdı. Eminə ətrafında olan uşaqlardan şübhələnməsini dedim, eyni zamanda təzə ailə həyatı qurduğunu xatırlatdım və bütün həyatını ailəsinə sərf etməsini məsləhət gördüm. Həmin vaxtı təsadüfən Həsən bizə yaxınlaşıb salam verdi, bu zaman Emin acıqlı formada Həsənə “görürsən söhbət edirik, söhbətimizə icazəsiz daxil olub, mane olursan” dedi. Bu sözlər Həsənin xoşuna gəlmədi və o, ərk edib yaxınlaşdığını bildirdi. Mən Həsənə kənarda durmasını deyib, Eminin avtomobilinə oturdum. Həmin gün Elçinə zəng edib qardaşı ilə aramızda olan söhbəti danışdım. Elçin mənə “Eminə deyəcəm, gəlib sənin könlünü alacaq, sən də onun könlünü alarsan, biz qardaşıq” sözlərini dedi”.
Təqsirləndirilən dünya çempionu deyib ki, həmin gün Həsən evlərinin qarşısına gəlib:
“Həsənə Emini görəndə mehribançılıq etməsini, aralarında anlaşılmazlıq olduğunu dedim. Bir az həyətdə onunla söhbət etdik, Emin avtomobili ilə evinin qarşısına gəldi. O, “Həci, otur maşına, söhbət edək” dedi. Mən də avtomobilin qabaq sağ oturacağına əyləşdim, bu zaman Həsən Eminin arxasındakı oturacaqda oturdu. Həmin vaxt Emin acıqlanıb ona “sən niyə oturdun maşına, düş aşağı” dedi, lakin Həsən avtomobildən düşmədi. Bu zaman Emin söyüş söydü, qışqıraraq Həsənə maşından düşməsini dedi. Bildirdi ki, düşməsə, onu vuracaq. Səsə qardaşım Zamin gəldi. Zamin “Emin, qaqa, nə olub, niyə qışqırırsan?” deyə soruşdu. O, Həsəni göstərib, “gəl bunu maşından rədd elə, vurub qanına qəltan edəcəm” dedi. Zamin qapını açdı, Həsən də düşdü. Emin də bu zaman telefonla kiməsə zəng edib “Həsən mənə hörmətsizlik etdi, onu gəlin tapın, vurub cırıq-cırıq edin” sözlərini dedi. Həmçinin pəncərədən Həsənə “qayıdım, səni qanına qəltan edəcəm” sözlərini bildirdi. Yolda olan zaman Emin mənə “Həsəni qudurtmusan, mənim sözümü eşitmir, hörmətsizlik edir” dedi, mən də onu sakitləşdirməyə çalışdım. Xatırlatdım ki, tutulanda Həsən ona nə qədər yemək daşıyıb, çörək gətirib, həmişə hörmətini saxlayıb. Həmin vaxt o, avtomobili Sədərək yolu istiqamətində sürdü. Kimlərəsə yığıb “Həsən “qad”dı, onu tapın vurun, mənə hörmətsizlik edib” dedi”.
Zaur Yusifov qeyd edib ki, həmin günü Eminin qardaşı Elçinlə də telefonda danışıb, Həsənə də zəng edib evdən bayıra çıxmamasını deyib:
“Evə çatanda Həsən bizdəydi. Ona dedim ki, narahat olma, barışıq edəcəm. Həsəni yaşadığı evə yola saldım və bir müddət 6-cı mikrorayona gəlməməsini dedim. Hər dəfə Eminlə rastlaşanda o, mənə “Həsəni mənimlə görüşdür, qoy mən onun başına bir sillə vurum ki, hamıya dərs olsun, mənə heç kim hörmətsizlik edə bilməz”. Mən də hər dəfə Eminə Həsənin pis oğlan olmadığını deyirdim. Eyni zamanda Həsənə dedim ki, Eminə hörmətlə yanaşsın, çalışsın ki, münasibətlər düzəlməyənədək üz-üzə gəlməsinlər. Bildirdim ki, soyuqluq aradan qalxandan sonra onları stol arxasında bir tikə çörək kəsdirib, barışdıracağam. Eminə Həsənlə görüşməyi təklif etdim. Emin isə Həsənlə tək görüşmək istədiyini dedi.
2019-cu il mayın 9-u günorta saatlarında Həsənlə birlikdə evdə təmir işləri gördük. Axşam saat 17-18 radələrində onunla evdən çıxıb “Nargilə” çay evinin qarşısına getdik. Mən marketə girəndə Həsən “moyka”da işləyən oğlanlarla söhbət edirdi. Bu zaman kimsə mənə “Emin Həsəni maşına otuzdurub aparır” dedi. Qaçaraq marketdən çıxıb, avtomobilə yaxınlaşdım və sükandan tutub onun avtomobili sürməsinə imkan vermədim. Eminlə olan söhbətlərimi Elçinlə “WhatsApp” proqramı ilə danışdım. Elçin məsələni özü yoluna qoyacağını bildirdi. Hava qaralan zaman Emin avtomobili ilə evimin qarşısına gəlib siqnal verdi, mən bayıra çıxanda Emin “Həci, Həsəni ver, 5-10 dəqiqə aparım, maşında söhbət edib gətirirəm” dedi. Mən Eminin Həsəni vuracağını bildiyim üçün Eminə “get məktəbin yanındakı parkda olan çayxanaya, Həsəni də götürüb ora gələcəm, söhbət edərik” dedim. Emin mənə “Nargilə” kafesində oturub gözləyəcəyini, Həsəni gətirməyənədək kafedən çıxmayacağını bildirdi. Mən də Eminə kafedə adamların çox olduğunu, parka getməsini demişdim. Evdə Həsənə “Eminlə görüşəndə mehribançılıq edərsən, könlünü alarsan, sənə nəsə desə, yola verərsən, heç nə deməzsən” dedim. Həsən isə “mənim heç bir günahım yoxdur, niyə ondan üzr istəməliyəm, amma sənə görə yola verərəm” dedi. Həsənlə evdən çıxıb parka getdik. Bu zaman “Nargilə” kafesini işlədən “Qara” ləqəbli Təbriz mənə zəng edib “həci, sənə mesaj yazmışam, oxudun?” dedi, mesajda “Emin kafeyə gəlib, deyir ki, buradan çıxmayacam, həciyə deyərsiniz, kafeni gəlib məndən təhvil alar” yazılmışdı. Mən həmin mesajı “kopya”layıb Elçinə göndərdim və “Eminin etdiyi hərəkətə bax, mən sizə qardaşlıq etmişəm” yazdım. Elçin yazını oxuyan kimi mənə zəng etdi. “Həci, üzürlü hesab elə, sən bizim qardaşımızsan, Eminə zəng edib ağzımdan çıxanı deyəcəm, “zaryadka”m qurtarır, səni yığacam, narahat olma, bu söhbəti birdəfəlik qurtaracam” dedi. Həsənlə birlikdə atamın evinin qarşısına yaxınlaşdım, Həsənə “mən girirəm atamgilə, bu gün atamın ad günüdür, sən də get evinizə” dedim. Təxminən yarım saat sonra qapı zəngi çalındı, atam qan içində qışqıraraq həyətə daxil olub “məni vurdular, ölürəm, onlar orada bir-birini qırırlar” dedi. Mən həyəcanla bayıra çıxdım, qardaşım isə atamın yanında qaldı. Çölə çıxdıqda gördüm ki, Eminin avtomobili səkinin üzərində əyri şəkildə qalıb. Maşına yaxınlaşanda gördüm ki, Həsən ayaq üstə Emini bıçaqla vurur, Emin əl-qol atıb, özünü müdafiə edir. Mən Həsəni ayağının diz nahiyəsindən vurub uzaqlaşdırmaq istədim, bu zaman hiss etdim ki, sol ayağıma nəsə dəydi. Həmin vaxt Həsən qışqıraraq mənə “Həci, məni burax, bu, məni canımdan bezdirib, məndən əl çəkmir” dedi. Mən Həsəni Eminin üzərindən kənarlaşdırdım. Həmin vaxt Həsənə hirsli şəkildə “Allah bəlanı versin, niyə belə etdin?” dedim. Ətrafda olanlara təcili tibbi yardım çağırmalarını, Emini xəstəxanaya aparmalarını yalvararaq qışqırdım. Bununla yanaşı, hadisə barədə polisə məlumat vermələrini də xahiş etdim. Daha sonra atamla birlikdə 7-ci PB-yə gedib hadisə barədə məlumat verdik”.
İdman ustası bildirib ki, Emin Səfərova xəsarət yetirməyib, ümumiyyətlə, hadisə vaxtı orada olmayıb:
“Eminlə aramda olan mübahisə zamanı üzərimdə odlu silah olmayıb, ümumiyyətlə, hər zaman gənclərə də bir Əməkdar məşqçi kimi bıçaqdan, silahdan kənar durmağı tövsiyə etmişəm. Emin Səfərov hər zaman qanunsuz hərəkətlər edərək Həsəni bu həddə çatdırıb. Mən hər zaman Eminin qanunsuz hərəkətlərindən yayınmağa, daha çox sülh yolu tutmağa çalışmışam, hətta qardaşı Elçinə və şəxsən özünə dost-qardaş kimi yaşamağı məsləhət görmüşəm. Emin Həsəni açıq şəkildə bezdirib”.
Zaur Yusifov onun barəsində səsləndirilən “sələmçi” iddiasına da münasibət bildirib:
“Sələmçilik söhbəti Eminin ailəsi tərəfindən istintaqı çaşdırmaq üçün ortaya atılıb. Məqsəd Eminin özbaşına, qanunsuz, cinayətkar əməlinin istiqamətini dəyişdirməkdir. Mən Emindən fərqli olaraq, hər zaman imkansızlara kömək etmişəm, dini inancla davamlı məşğul olduğumdan tam bəllidir ki, sələm müsəlmanın ən böyük günahıdır. Mən həyatımda bir manat belə sələmə pul verməmişəm, gəlir əldə etməmişəm”.
Qeyd edək ki, məlum qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Haşımov küçəsində baş verib.
Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə “Emin 444” ləqəbi ilə tanınıb.
O, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adam olub.