Ermənistanın taleyinin həll olunduğu saatlar - Paşinyan üçün Moskva vaxtı

10:55 25 May 2023

Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycana son müsbət siqnallar ötürməsi aldadıcı da ola bilər. Amma indiki situasiya üçün Paşinyanın son günlər tez-tez “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatı ilə çıxış etməsi istənilən halda rəsmi Bakının xeyrinədir.

İlk növbədə ona görə ki, rəsmi İrəvan indən belə danışıqlar prosesinin bu nöqtəsindən geri addım atacağı təqdirdə bütün dünyaya sülhdən yayınan tərəf kimi özünü "təqdim etmiş" olacaq. Bu baş verəcəyi təqdirdə isə Azərbaycan üçün zəmin hazırlayacaq ki, rəsmi Bakı sülh danışıqlarının diplomatik həlli yolunun mümkün olmadığını bəyan edərək, sonrakı gedişatı öz bildiyi şəkildə yoluna qoysun. Təbii ki, bu cür ssenari isə Ermənistan üçün faciəyə bərabər bir gediş ola bilər.

Odur ki, bu gün Moskvada Rusiya, Azərbaycan, Ermənistan dövlət başçılarının gözlənilən görüşü öncəsi Nikol Paşinyanın son bir ayda artıq üçüncü dəfə "Qarabağ Azərbaycandır!" mesajı verməsi, regionda sülh dövrünün başlaması zamanının yetişdiyi ilə bağlı önəmli bir "pereoda" daxil olduğumuzu düşünməyə əsas yaradır. Əslində Nikol Paşinyandan Ermənistanın Azərbaycanın 86,6 min kv-km ərazisini tanıması ilə bağlı bu cür bəyanatları ortada böyük bir hissəsi razılaşdırılmış sülh sənədinin də artıq mövcud olduğundan xəbər verir.

Ermənistanın bu çıxışları Azərbaycana qarşı hansısa lütfkarlıq deyil, regiondakı mövcud reallıqlar və güc balansından qaynaqlanan real vəziyyətin tələbidir. Reallıq tamamilə dəyişib: Daha Ermənistan Ordusunun 30 il Qarabağda qurduğu müdafiə xətti mövcud deyil. Əksinə, həm hərb meydanında, həm də diplomatik danışıqlar masasında vəziyyət tamamilə Azərbaycanın xeyrinədir.

Nikol Paşinyan görünür dərk etməyə başlayır ki, Azərbaycana qarşı hərbi təxribatları artırmaqla özünə qəsd prosesini sadəcə daha da sürətləndirmiş olur. Çünkü Azərbaycan Ordusu hazırda Ermənistanla sərhəddəki əsas strateji yüksəkliklərə də tam nəzarət edir. Belə nəticə çıxarmaq olar ki, Paşinyan sülhə getməklə təkcə Qarabağdakı erməni əhalinin yox, Ermənistanın təhlükəsizliyini də təminat altına almış olacağının fərqindədir.

Rəsmi İrəvan bunu bu gün baş tutacağı gözlənilən Moskva görüşləri əsnasında da praktiki olaraq təsdiq edəcəyini, 10 noyabr üçtərəfli bəyanatından üzü bu yana üzərinə götürüb də hələ də icra etmədiyi öhdəlikləri bir-bir yerinə yetirmək istiqamətində tutarlı addımları ilə nümayiş etdirəcəyinə dair zəmanət verməlidir. Ona görə ki, reallıqlardan qopmuş revanşizmlə yaşamaq erməni dövlətçiliyi üçün yaxşı heç nə vəd etmir. Bunu Ermənistan hərbi-siyasi rəhbərliyi də, onun hamiləri də bilməlidir.

Erməni baş nazir 22 may çıxışında da qeyd etdi ki, “Biz təhlükəsizliyimizi ilk növbədə regional sülhdə görürük. Əgər biz üçüncü ölkələrə güvənsək, onlar bizi istənilən vaxt tərk edə və müdafiəsiz qoya bilər”. Məhz Prezident İlham Əliyevin də ən azı 3 ildir rəsmi İrəvana dediyi də elə budur. Ermənistan öz taleyini başqalarının ümidinə buraxmamalı, rəsmi İrəvan anlamalıdır ki, bu gün onun müqəddəratı həll olunur. Elə buna görə də Ermənistan revanşizm iddialarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı istiqamətdə praktiki addımlar atmalı və bütün bu qərarları vermək üçün öz cəsarətini, qətiyyətini ortaya qoymalıdır.

Çünkü Ermənistan kimi məhdud müdafiə imkanları olan dövlətlərin təhlükəsizliyini qoruyacaq əsas mexanizm regional nizamdır. Nizam həm regiondaxili toqquşmaların, həm də xarici müdaxilələrin qarşısını almaqda ən effektiv yoldur. Ermənistan hərbi-siyasi rəhbərliyi onu da bilməlidir ki, üçüncü ölkələr vasitəsilə qurulan təhlükəsizlik sistemi istənilən halda siyasi asılılıq yaradır. Bu nöqteyi nəzərdən Nikol Paşinyan hakimiyyətdə olduğu dövr ərzində Ermənistan üçün ən vacib qərarı verməyə tələsməli və Moskvada davamlı sülh istiqamətində real addımlarla Bakıya səmimi olduğunu nümayiş etdirməlidir. Çünkü hazırda Bakının İrəvanla bağlı etimad problemi var.

Bu da səbəbsiz deyil. Geridə qalan 3 ilə yaxın bir müddət ərzində Ermənistan dəfələrlə sülh danışıqlarından yayınmaq üçün hamilərinin müdaxilələri ilə prosesləri manipulyasiya edərək gediaştı dalana dirəməyə cəhd edib. Xüsusilə də günaşırı siyasi ritorikasını dəyişən Paşinyan güvənilməz Azərbaycanın nəzərində güvənilməz obrazı formalaşdırıb. Amma son müsbət sinallara istinad etsək düşünmək olar ki, Paşinyan erməni dövlətçiliyinin çox önəmli yolayırıcında olduğunu nəhayət başa düşməyə başlayır.

O, həqiqətən də bunun belə olduğunu isbatlamaq istəyirsə, Bakının etimadını qazanmaq niyyətindədirsə, bu gün yaranmış fürsətdən istifadə edib Moskvada Ermənistanı “missiya” dövlətindən region dövlətinə çevirmək istiqamətində önəmli addım atmalıdır. Çünkü Nikol Paşinyan hadisələrin bu yerində əlini daşın altına qoymayacağı təqdirdə, həmin daşın arasında Ermənistan dövlətçiliyininin sıxışıb, "nəfəsinin" tamamilə kəsilməsinə vəsilə olacaq.

Siyasətçi kimi ölkəsi üçün ən pis variantı da nəzərdən keçirməli olan Paşinyanın bu istiqamətdə atmalı olacağı ən önəmli addımlardan biri Azərbaycan və Ermənistanın separatçılar məsələsində ortaq hərəkət etməsini təmin etməkdir. Əgər Ermənistan baş naziri “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatı verirsə, bu bəyanat, bəyanat kimi də qalmamalıdır. N.Paşinyan Azərbaycana və dünya ictimaiyyətinə sülhdə nə qədər səmimi və istəkli olduğunu göstərmək üçün bunu əməldə də nümayiş etdirməlidir.

Bildiyimiz kimi, hazırda qondarma rejim qalıqlarına əsas yardımlar məhz Ermənistandan gedir. Ermənistan siyasi rəhbərliyi bu prosesi dərhal dayandırmaqla, həqiqətən də “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatında nə qədər səmimi olduğunu göstərməlidir. Paşinyanın atacağı bu addım eyni zamanda Qarabağın etnik ermənilərinin Azərbaycana reinteqrasiya prosesini daha da sürətləndirəcək ki, nəticədə separatçıların Azərbaycan ərazisində qalması mənasızlaşacaq.

Belə olan təqdirdə isə Qondarma rejimin nümayəndələri ya sülhməramlıların köməyi ilə Qarabağdan çıxarılmaları barədə xahiş etmək məcburiyyətində qalacaqlar, yaxud da qalıb Azərbaycana qarşı müqavimət göstərmək istəyəcəklər. İkinci variantı seçəcəkləri təqdirdə isə onların aqibətini təsəvvür etmək elə də çətin deyil. Azərbaycan Ordusu lokal antiterror əməliyyatı ilə qanunsuz erməni silahlılarını son nəfərinə kimi zərərsizləşdirərək Şərqi Zəngəzuru terrorçulardan tamamilə təmizləyib, prosesi yekunlaşdıracaq.

Trend.az

 



Xəbər xətti