Türkiyədə Əliyevə qarşı təhlükəli kampaniya başladı

12:45 25 May 2023

Türkiyədə xüsusilə Qərbin maliyyə dəstəyindən asılı olan və prezident seçkilərində “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğluya dəstək verən sivil toplum mənsubları, jurnalistlər artıq bir müddətdir ki, Azərbaycanı hədəf seçiblər.

Təəssüfləndirici həm də odur ki, onların apardığı bu təbliğata sadə türk qardaşlarımızın da, özləri demiş, “uyduğunu” müşahidə edirik.

İradların başında Azərbaycanın guya Türkiyədəki seçkilərə müdaxilə cəhdi dayanır. Bəzi jurnalistlər efirlərdə bir az da aşağılayıcı tərzdə “Azərbaycan isə heç ola bilməz” kimi ifadələrdən istifadə edirlər.

Bu, Prezident İlham Əliyevin “Texnofest” festivalında iştirak etməsi və İstanbulda Cümhur İttifaqının namizədi, Prezident Ərdoğana açıq dəstəyini nümayiş etdirməsindən sonra daha geniş vüsət alıb.

CHP və CHP-yanlıların qətiyyən xoş olmayan tərzidir: FETÖ-çü şantajlarla mövqelər əldə edən, elə eyni şantajlarla da rəqiblərini (Məhərrəm İncə timsalında) sıradan çıxaran bu “qərblilərin” Ərdoğanla yüksək münasibətdə olan hər kəsi, hətta Rusiyanı da hədəf seçməsi, Putinə barmaq silkələməsi, Azərbaycanı da Rusiyanın “vassalı” kimi təqdimetmə cəhdləri aşırı səviyyədədir.

Bu düşərgədən kimsə cəsarət edib, Baydenin açıq-aşkar, Türkiyəni aşağılayırcasına “Ərdoğan göndərilməlidir” kimi müdaxiləsini dilinə almır; Fransa, Almaniya, Avropanın nüfuzlu media qurumları, QHT sektorunun Ərdoğana qarşı açıq-aşkar bir kampaniya aparmasına bir söz demir; müxalifət düşərgəsinə Qərbin çeşidli mərkəzlərindən, hətta dövlətə bağlı qurumlarından pullar axmasını, əhali arasında təbliğatda Ərdoğana qarşı bu vəsaitlərdən istifadə edilməsini normal qarşılayır, ancaq Azərbaycan öz arzusunu dilə gətirirsə, Azərbaycan xalqı Ərdoğana sevgisini bildirirsə, Azərbaycan xalqı Ərdoğanın qələbəsini istəyirsə - bu olur seçkiyə müdaxilə və Azərbaycana qarşı hücum üçün əsas!

Olduqca təhlükəli, Qərbin çeşidli mərkəzlərindən idarə olunan, arxasında pis niyyət dayanan kampaniyadır. Kampaniyanın səbəbi bəllidir – Qərb və Qərbə bağlı olan, Qərbin (Sorosun) pulları ilə qidalanan və Türkiyəni zəiflətmək, Türkiyənin son illər regionda əsas söz sahibinə çevrilməsi və öz təsirini geniş bir coğrafiyaya yaymasının qarşısını almaq istəyənlər türk xalqının iradəsinə məğlub oldular: Türkiyə xalqı bütün bu planlara qarşı durmağı bacardı və inşallah, 28 mayda bu ölkəni öz sərhədlərinə yığmaq üçün hər şey edənlərə son sözünü deyəcək, hamını yerində oturdacaq.

Bu yenilmənin acısını, “qisasını” almaq üçün Azərbaycana “saldırma” prosesinin başlamasından isə narahatıq.

Açıq-aşkar, türk qüruruna və Türkiyənin şərəfli keçmişinə yaraşmayan bir kampaniya gedir. Belə çıxır ki, ABŞ, Fransa, Almaniya Türkiyədə öz istədikləri namizədi dəstəkləyə, ona maliyyə yardımı edə, bütün media resurslarını onun sərəncamına verə, açıq şəkildə qalxıb, “Ərdoğan getməlidir” deyə bilər, ancaq “bir millət iki dövlət” prinsipini artıq yaşam tərzinə çevirən Azərbaycan xalqı öz sözünü deyə bilməz. Niyə? Çünki Azərbaycan kiçik ölkədir, eləmi?

Azərbaycanın Türkiyədə hədəfi nədir, məqsədi nə ola bilər? Türkiyənin qüdrətli bir ölkəyə çevrilməsi, təsirini bütün dünyada göstərməsi Azərbaycanın ali məqsədidir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Buna görə Azərbaycan Türkiyənin böyüməsi, güclənməsi, qüdrətlənməsi üçün hər şey edir – pulu ilə, sərvəti ilə, Türkiyəyə yatırımları ilə, beynəlxalq miqyasdakı əlaqələri ilə...

İndi hər kəsin gözü Rusiya ilə münasibətlərdə Ərdoğanın ağzına dikilib: kimsəni yaxın buraxmayan Putin Ərdoğanın bir zəngi ilə taxıl sazişini uzatmağı öhdəsinə götürdü – baxmayaraq ki, bu sazişin tələbləri Rusiyanın ziyanına çox eybəcər şəkildə pozulmuşdu.

Niyə Putin Ərdoğana bu qədər etibar edir? Çünki Türkiyə ədalətli mövqedədir, Qərbin tələblərini kor-koranə və xalqın maraqları əleyhinə icra etmir, öz çıxarlarını düşünür...

Ərdoğanla Putinin münasibətlərinin bu səviyyəyə qalxmasının səbəbkarı isə İlham Əliyevdir!

Əliyev 2015-ci ildə rus qırıcısı vurulmasından bəri dövriyyəyə girib, Türkiyənin sözün hər mənasında iqtisadi çöküşünün qarşısını aldı: Qırıcının vurulmasından sonra Rusiyanın Türkiyəyə sanksiyaları başlamışdı, Türkiyə böyük turizm gəlirindən məhrum olacaqdı. Buna qarşı İlham Əliyev bütün diplomatik bacarığını, şəxsi nüfuzunu, imkanlarını səfərbər etdi!

Türkiyənin İsraillə əlaqələrinin yüksəlməsində Əliyevin müstəsna töhfələri sözün hər mənasında tarixdir, tarixi səhifədir!

Azərbaycan hazırda Avropanın ən çox ehtiyacı olan ölkədir, Rusiyaya sanksiyalar səbəbindən qaz axtaran AB ölkələrinin rəsmiləri Bakıya axır, danışıqlar aparır. Əliyev Azərbaycanın bu sürətlə artan nüfuzundan Türkiyənin böyüməsi üçün maksimum istifadə edir: Türkiyəni, yumşaq desək, sevməyənlərə Azərbaycanın yanaşması da fərqli olur.

Bütün resurslar Türkiyənin böyüməsinə yönəldilib - əlbəttə ki, Azərbaycanın maraqları naminə.

Demək ki, Türkiyədə bəzi zehniyyətlər Türkiyənin böyüməsi üçün hər şeyindən keçən Azərbaycanın qardaş ölkədəki seçkilərdə arzusunu dilə gətirməsindən yanıb-yaxılırlar?

ABŞ, Fransa və digər ölkələrin Ərdoğanın getməsini arzulamasını bizdəmi arzulamalıydıq? ABŞ, Fransa, Almaniya, Yunanıstan da daxil, onlarla ölkə Türkiyəni ələbaxan, dişsiz, öz sərhədləri daxilində terrorçulara yenik bir ölkəyə çevirmək istəmirlərmi?

Bəs, Azərbaycan nə istəyir, nə arzulayır, Türkiyənin haralarda olmasını istəyir?

Qərbin əlinə baxan Portağallar, Avcılar, olar-bular... “qrant” adı ilə onları köləyə çevirənlərə o qədər aludə olublar ki, “azəri”ni fərqli milli mənsubiyyət kimi qələmə verməyə də girişiblər: sanki “azəri” bir ayrı millətmiş, türkə heç aidiyyəti yoxmuş...

Bu qədər rüsvayçı təbliğatmı olar?

Sorosun cocuqlarından olan və 2009-cu ildə Qarabağa qanunsuz səfərlə erməni işğalının alətinə çevrilən, buna görə də Azərbaycana girişi qadağan edilən yeganə türk jurnalist Nagehan Alcı Sinan Oğana “İlham Əliyevin planına sadiq qalıb, Ərdoğanı dəstəklədiniz” deyə bir “ittiham” yazıb; guya bu, Sinan Oğan üçün çox ağır bir suçlamadır...

Nədir İlham Əliyevin Türkiyə ilə bağlı planı? Ən böyük paralar gətirən layihələrimiz Türkiyə ilədir; ən çox yatırımlar Türkiyəyədir!

Azərbaycan ərazilərini azad edib – orda böyük tikintiləri türk şirkətləri həyata keçirir;

Türkiyədə yanğın olur – bütün heyətimiz yardıma qaçır; zəlzələ baş verir – Azərbaycan bütün resursları ordadır – humanitar yardımı ilə, FHN-i ilə, canı ilə, göz yaşı ilə; evi dağılanlara ev tikir – baxmayaraq ki, ölkədə nə qədər yatırımlara ehtiyac var!

Türkiyə böyüyür, onun böyüməsinə qarşı dünya gücləri iqtisadi, siyasi təzyiqlər edirlər – Azərbaycan hər vəchlə buna qarşı çıxır.

Türkiyədə seçki öncəsi Azərbaycan Prezidenti Almaniyaya səfər edir və Avropanın iqtisadi baxımdan ən qüdrətli ölkəsinin Türkiyəyə təzyiqlərini neytrallaşdırır – Olaf Şolts Türkiyədəki seçkilərdə “tərəfini” müəyyən etməkdən geri çəkilir.

Kimə nə vəd edir, kiminlə necə danışır – bunları biz bilmərik. Ancaq görünənləri görürük axı – İlham Əliyev nə edirsə, Türkiyənin böyüməsi üçün edir!

Sevinirik – dünən əlinə “Türk yolu” xəritəsini alıb, Azərbaycansız, İrandan keçən bir layihəsi dəstəkləyən Kamal Kılıçdaroğlu Türkiyə seçicisinin, türk qardaşlarımızın aşırı təzyiqi altında geri çəkilir, Türkiyə-Azərbaycan münasibətlərinin partiyalara söykənmədiyini deyir, prezident seçiləcəyi halda ilk səfərini Azərbaycana edəcəyini bildirir.

Çox gözəl – Türkiyə siyasətçiləri mütləq bilməlidirlər ki, Qərbin layihələrini əllərinə almaqla, Azərbaycana qeyri-normal münasibətlə Türkiyəni böyüdə bilməzlər; Türkiyə xalqı Azərbaycanı öz dövləti hesab edir və gələcəyimizi birgə görür, qardaşı olmadan, təkbaşına Avropanın qarşısında duruş gətirə bilməyəcəyini anlayır! Türkiyə Azərbaycan və türk dövlətləri ilə birgə olanda güclüdür!

Türkiyə türk ölkələrinin favoriti olmalıdır, türk ölkələrini birləşdirməlidir – bu yolda Ərdoğana yaxın 5 ildə müstəsna iş görmək fürsəti verilməlidir. Niyə məhz Ərdoğana? Çünki Ərdoğan türk ölkələrində ağsaqqal kimi qəbul edilir, Putin Rusiyasının aqressiv yanaşmasından kənar, razılaşma ilə Türkiyənin Orta Asiyaya girişinə nail olmaq mümkündür – necə ki, Əliyev-Putin-Ərdoğan münasibətləri Türkiyənin Qafqaza girməsinə yaşıl işıq yandırdı...

Böyük, strateji, gələcəyə hesablanan addımlar var və Azərbaycan hazırda bütün bu layihələrin ardıncadırsa, Türkiyəyə inanılmaz dəstəyini göstərirsə, buna qarşı Türkiyədə bəzi qərbyanlıların “müqaviməti”ni anlamaq mümkündür. Ancaq bu “müqavimət” bu qədər eybəcər, “azəri” millətinin türk olmaması qədər abırsız aparıla bilməz!

Buna Türkiyə imkan verməməlidir!



Xəbər xətti